“Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş...”

 

 

Söz” ədəbi layihəsinin növbəti tədbirində Molla Pənah Vaqifin poeziyasına müraciət olundu

 

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində keçirilən növbəti tədbiri böyük şair Molla Pənah Vaqifin (1717-1797) poeziyasına həsr olunmuşdu.

Dərin və incə duyğular şairi olan Molla Pənah Vaqifin şəninə hazırlanan gecə öz tərtibatı və təqdimatı ilə fərqlənirdi. Muğam mərkəzinin foyesində qonaqları musiqişeirin sehri ilə salamlayan Vaqif (aktyor Tural Əhməd) onları öz poeziya dünyasına dəvət etdi...

Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir.

Zalda qərarlaşan qonaqları maraqlı gecə gözləyir. Sözmusiqinin vəhdətində Vaqif yaradıcılığının ən gözəl nümunələri təqdim edilir. Tural Əhməd şairin şeirini oxuduqdan sonra səhnəyə muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli çıxır. O, şairin “Gəlməmiş” rədifli qəzəlini ifa edir.

Gecə boyu əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mərih şairin yaradıcılığından nümunələr səsləndirdilər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, tarzən Səbuhi Cəfərov, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru bulaq kimi axan Vaqif misralarının musiqi ilə harmoniyasından yaranan xoş duyğuları tamaşaçılara bəxş etdilər.

Gecənin sonundaSöz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə səhnəyə çıxaraq tamaşaçılara təşəkkürünü bildirdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.3.