Bəşəri status qazanan mədəni irs nümunələrimizin sırası genişlənir

 

 

 

Dekabrın 6-da Milli Kitabxanada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində gerçəkləşən 13-cü sessiyasının nəticələrinə dair mətbuat konfransı keçirildi.

Mətbuat konfransını Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov açaraq 26 noyabrdan 1 dekabradək davam edən sessiyada ölkəmiz adına əldə olunan uğurlar barədə məlumat verdi. Bildirdi ki, sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edib. Ölkəmizin təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisinominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

İntiqam Hümbətov sessiyanın nəticəsi barədə Mədəniyyət və Xarici İşlər nazirliklərinin noyabrın 28-də birgə bəyanat yaydığını diqqətə çatdırdı: “Həmin bəyanat ölkəmizin bütün informasiya agentliklərində geniş işıqlandırıldı. Bu dəstəyə görə təşkilatçılar adından Azərbaycanın uğurunu geniş işıqlandıran kütləvi informasiya vasitələrinə təşəkkürümüzü bildiririk”.

Şöbə müdiri qeyd etdi ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu əlamətdar mədəni hadisənin aktuallığı və bizə olan müraciətlər nəzərə alınaraq bu gün sessiyada iştirak edən hər iki nazirliyin məsul əməkdaşları media nümayəndələrini maraqlandıran sualları cavablandıracaqlar.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov bildirdi ki, Azərbaycan 2010-2014-cü illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvü olub və 2013-cü ildə komitənin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi edib. Bu ilin iyununda isə Azərbaycan yenidən, 2018-2022-ci illər üzrə həmin komitəyə üzv seçilib.

Qeyd olundu ki, Hökumətlərarası Komitənin budəfəki sessiyasında 47 nominasiyadan 39-u haqqında müsbət qərar verilib: Sessiya ölkəmiz üçün bir sıra uğurlu nəticələrlə yadda qaldı. İlk olaraq 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair ölkəmizin beşillik hesabatı qəbul olundu. Hesabatda çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Qarabağ regionunu işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapmışdı. Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisinin müharibənin acı nəticələrinə baxmayaraq, bu oyunu yaşatmağa çalışdığı və bu istiqamətdə dövlətin icmalara dəstəyi xüsusi vurğulandı”.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə diqqətə çatdırdı ki, sessiyada Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair hesabatın geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirələr aparılıb və Ermənistanın bu cəhdi də, həmişə olduğu kimi, yenə iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.

Vasif Eyvazzadə bildirdi ki, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” faylının məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin bu qədim və tarixi regionunda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, blokada şəraitində olan bu bölgəmizin öz ənənəsini qorumaqda çətinliklər yaşadığını ön plana çəkmək və bu mədəni mirasın UNESCO səviyyəsində qorunmasına nail olmaqdır.

Qeyd edildi ki, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisinominasiya faylı Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir. Hər iki faylın qəbul edilməsində Ermənistanın təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq aparılıb və ölkəmizin nümayəndə heyəti sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verib. Bədnam ermənilərin “Dədə Qorqud” dastanı ilə bağlı faylın Azərbaycana dair hissəsinə qarşı əsasız çıxışları da heç bir nəticə verməyib. Nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktına önəm verdiyinibununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.

Nümayəndə heyətinin üzvləri xüsusi olaraq vurğuladılar ki, UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə bundan əvvəl kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlanma və paylaşma ənənəsi, muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti də bu mötəbər təşkilatın Qeyri-maddi mədəni irs siyahısına, çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri isə qurumun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Nümayəndələr mədəni irsimizin qorunması və təbliğinə verdiyi dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Sonda iştirakçılarAzərbaycanın qeyri-maddi mədəni irsi UNESCO-daadlı kitab sərgisi ilə tanış oldular.

 

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.1-2.