Məlahətli səs, səhnə cazibəsi

 

 

Xalq artisti Gülxar Həsənovanın doğum günündə məzarı ziyarət olundu

 

Dekabrın 10-da görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın (1918-2005) anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın xatirəsini andılar. Gülxar Həsənovanın məzarı önünə əklil və gül dəstələri qoyuldu.

Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Hafiz Quliyev və başqaları çıxış edərək görkəmli sənətkarın mənalı ömür yolu və yaradıcılığından söhbət açdılar. Bildirildi ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı sərəncamla Gülxar Həsənovanın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla yad olunur.

Qeyd olundu ki, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən unudulmaz obrazlar yaradıb, uzun illər aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Ölməz sənətkar səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət OperaBalet Teatrına işə qəbul olunub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi OperaBalet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli obrazlar qalereyası yaradıb.

Vurğulandı ki, Gülxar Həsənovanın yaradıcılığının zirvəsi Müslüm MaqomayevinŞah İsmayıl” operasında Ərəbzəngi və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini başa vurduqdan sonra Gülxar Həsənova milli operalarda çıxış edən gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sənətkarın ailəsi adından bacısı oğlu Mail Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

 

Fariz

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.4.