Ölkəmiz beynəlxalq konfransda təmsil olunub

   

 

 

Sofiya şəhərində Müqəddəs KirilMefodi adına Bolqarıstan Milli Kitabxanasının 140 illik yubileyi münasibətilə “Könüllü ianə dəstəyi və ianə - baxış mədəniyyəti” adlı beynəlxalq elmi konfrans keçirilib.

10-11 dekabrda gerçəkləşən konfransda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova iştirak edib. Tədbirin açılışına ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da qatılıb.

Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova qonaqları salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb. Müxtəlif ölkələrdən nümayəndələr məruzə və təqdimatlarla çıxış edib, müzakirələr aparıblar.

Ədibə İsmayılova Bolqarıstan Milli Kitabxanasının kollektivini yubiley münasibətilə təbrik edərək “Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının milli sərvətidir” adlı məruzə və təqdimatla çıxış edib. O, Azərbaycan mədəniyyəti ilə bağlı nəfis tərtibatlı kitabları kitabxanaya hədiyyə edib.

Konfransın ikinci günü muzeylərdə ianə kampaniyaları, bibliofillər, müasir mədəni filantropiya, donorların axtarılması, kitabxanaların fandrayzinq fəaliyyəti, kitabxanalarbiznes, könüllülük və xeyriyyəçilikdə təşəbbüslər, ianələrin mədəni kolleksiyaların yaradılmasında rolu və digər mövzularda məruzələr dinlənilib.

Səfər çərçivəsində Ədibə İsmayılova ölkəmizin Bolqarıstandakı səfirliyində olub. O, səfir Nərgiz Qurbanova ilə görüşdə iki ölkənin milli kitabxanaları arasında əlaqələrdən söz açıb, səfirliyimizə kitablar hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.5.