Unudulmaz sənət fədaisinə yüksək ehtiram

 

Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd edildi

 

Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, xanəndə, aktrisa və pedaqoq, Azərbaycanın  Xalq artisti, “Şöhrət” ordenli Gülxar Həsənovanın 100 illik yubiley tədbiri keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubiley gecəsində çıxış edərək dedi ki, Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus rolu olan, muğamı gənc nəslə sevdirmiş və öyrətmiş görkəmli incəsənət xadimlərimizdən biriXalq artisti, əvəzolunmaz opera ifaçısı Gülxar Həsənovadır. Diqqətə çatdırıldı ki, sənətkarın 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 avqust 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyində tədbirlər planı hazırlanıb, Bakıda və regionlarda silsilə tədbirlər reallaşıb.

Gülxar Həsənovanın həyat və yaradıcılıq yolu barədə məlumat verən Vaqif Əliyev söylədi ki, Gənc Tamaşaçılar Teatrında gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edib, beləliklə, Gülxar Həsənovanın sonrakı səhnə fəaliyyəti OperaBalet Teatrında keçib. İfaçı bu teatrda milli opera sənətinin inkişafına mühüm töhfələr verib, milli operalarımızda əsas partiyaları oxuyub. Üzeyir HacıbəylininLeyli və Məcnun” operasında Leyli, Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğluda Xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Şahsənəm, Müslüm MaqomayevinŞah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var.

O, bu parlaq, koloritli obrazları sevə-sevə yaradıb, muğam, xalq mahnı və təsniflərimizi xüsusi gözəlliklə ifa edərək onların da əbədiyaşarlığında mühüm rol oynayıb.

Gülxar xanımın filmlərdə yaratdığı rolları da xatırladan Vaqif Əliyev qeyd etdi ki, o, Azərbaycan incəsənətində yalnız maraqlı obrazlarla yadda qalmayıb, 1980-1992-ci illərdə teatrda məşqçi-pedaqoq kimi çalışarkən milli muğam operalarında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib, səhnəyə yeni qədəm qoyan neçə-neçə gəncə yol göstərib, onlardan öz bilik və bacarığını əsirgəməyib. Görkəmli sənətkarın bir çox yetirmələri bu gün Azərbaycan muğamının peşəkar ifaçılarıdır.

Bildirildi ki, milli musiqi mədəniyyəti sahəsində xidmətlərinə görə Gülxar Həsənova 1955-ci ildə respublikanın “Əməkdar artisti, 1982-ci ildə “Xalq artisti fəxri adlarına, 1998-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Son illər Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın  xidmətləri sayəsində muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi işində böyük uğurların əldə edildiyini vurğulayan Vaqif Əliyev qeyd etdi ki, bu sənətin inkişafında mühüm xidmətləri olmuş Gülxar Həsənovanın da adı milli musiqimizdə əvəzolunmaz varlığını hər dövrdə qoruyub saxlayacaq, neçə-neçə sənətkarlar nəsli bundan sonra da onun zəngin irsindən faydalanaraq musiqimizə öz töhfəsini verəcək.

* * *

Sonra səhnədə quraşdırılmış böyük ekranda Gülxar Həsənovanın çoxşaxəli yaradıcılığını və uzun ömrünü əks etdirən fotolardan ibarət slayd-şou nümayiş olundu.

Yubiley gecəsinin aparıcısı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz QuliyevGülxar xanımın opera teatrında işə başlayan gənc xanəndələrlə necə işləməyindən, onlara təkcə muğam-vokal texnikasını deyil, həm də təcrübəli aktrisa kimi dərs keçdiyini xatırlatdı. Onun tələbələrinin bu gün çox görkəmli muğam ifaçıları olduğunu, muğam operalarında özünəməxsus obrazlar yaratdığını söylədi.

Gülxar xanımın teatrda ən sevimli yetirmələrindən olmuş, uzun illər teatrda Leyli, Əsli, Şahsənəm partiyalarını oxumuş Xalq artisti Səkinə İsmayılova, Gülxar xanımdan şəxsən dərs almasalar da, onun teatrkonsert fəaliyyətini ləyaqətlə davam etdirən Xalq artisti Mələkxanım Əyyubova, Nəzakət Teymurova və əməkdar artistlər Gülüstan Əliyeva, Təyyar BayramovEhtiram Hüseynovun çıxışları alqışlarla qarşılandı.

Hafiz Quliyev 110 yaşlı “Leyli və Məcnun” operasında baş qəhrəman rollarında çıxışını opera teatrında çalışan hər bir muğam ifaçısının sənət pasportu olduğunu söylədikdən sonra hazırda eyniadlı operada çıxış edən ən gənc ifaçıları – Əməkdar artist Elnur Zeynalovla Rəvanə Əmiraslanlını operadan bir parçanı ifa etmək üçün səhnəyə dəvət etdi. Xanəndələri tarda Əməkdar artist Əliağa Sədiyev, Ramin Rzayev, kamançada əməkdar artistlər Elşən Mansurov və Fəridə Məlikova, instrumental ansambl müşayiət edirdi.  

Öz xatirələrində hələ uşaq ikən atası saz çalarkən həvəslə aşıq mahnılarını oxuduğunu qeyd edən Gülxar xanımın ruhu şad olsun deyə, konsertin proqramında aşıq musiqisinə də yer verilmişdi. Aşıq Altayın solo saz ifası Şəmkir elinin sazlı-sözlü növrağına ehtiram əlaməti olaraq səsləndi.

Çıxışlar arasında ekranda Gülxar Həsənovanın “Vaqif”, “Şah İsmayıl” operalarında ifalarından fraqmentlər, eləcə də teatrın gənc solistləri ilə məşq prosesindən qalan yadigar lentlər  göstərildi.

Yubilyar ilə uzun illər eyni səhnəni paylaşmış Xalq artisti Canəli Əkbərovun xatirələri isə tədbir iştirakçılarını illər öncəyə qaytardı. Dəfələrlə Gülxar xanımla həmsöhbət olmuş, onun haqqında radio verilişləri hazırlamış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli onun həm də bu gün heç bir lent yazısı qalmış, lakin 1930-40-cı illərdə milli operamızın bütün ağırlığını daşımış ifaçılar barədə gözəl və dolğun  xatirə danışmaq bacarığını da yada saldı.

Yubiley tədbirinin sonunda Gülxar Həsənovanın ailəsi adından çıxış edən bacısı oğlu Mayıl Əliyev sənətkarın 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasına, ömrünü səhnəyə, musiqiyə həsr etmiş fədailərin xatirəsinin əziz tutulmasına görə ölkə başçısına minnətdarlığını ifadə etdi. O, yubiley tədbirlərinin bütün respublikanı əhatə etdiyinə görə Mədəniyyət Nazirliyinə, həmçinin bu gecənin təşkilində əməyi keçmiş hər kəsə təşəkkür etdi.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.2.