90 yaşlı həmişəcavan, sənət
meydanında heç vaxt
yorulma!
Bilmirsiniz, teatrla bitki aləminin neçə oxşar cəhəti var? Oxşarlıq yəqin ki, az olmaz… Birini də biz deyək: bitki aləmində həmişəyaşıl ağaclar olduğu kimi teatr aləmində də həmişəcavan kollektivlər var.
Yaşı artdıqca tamaşaçı kontingenti dəyişməyən, daim uşaqlar, gənclərlə işləyən, yaşından asılı olmayaraq, bütün heyəti gənclik eşqi ilə çalışan, yaradan teatr kollektivləri də yay-qış yaşıl donunu dəyişməyən ağaclar kimidir. Lap dekabrın 7-də 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi…
Bu yubileyin paytaxtımızda hər addımda Yeni il ovqatının hakim olduğu, vitrinlərin həmişəyaşıl küknar ağacları ilə bəzədildiyi vaxta təsadüf etməsi də sanki təbiətlə teatrın oxşarlığını bir daha təsdiqləyirdi.
İlk tamaşasını 1928-ci il noyabrın 6-da Bakı Uşaq Teatrı kimi tamaşaçılara təqdim etmiş, ölkənin ən böyük aktyor heyətinə malik sənət ocağının kollektivi bu bayrama, demək olar ki, cari teatr mövsümünə başlayandan hazırlaşırdı. Teatrın sosial şəbəkələrdə paylaşılan xəbərlərindən, məşq prosesindən çəkilmiş fotolardan bilirdik ki, kollektiv öz yubileyində hamılıqla iştirak edəcək. Amma necə? Bunu bilməkdən ötrü dekabrın 7-ni gözləmək lazım idi.
…İri, alabəzək xalları bərq vuran pərdənin arxasında tamaşaçıları nəyin gözlədiyinin intizarını çəkən çox idi. Üstəlik, yubiley tədbirinə yığışanların əksəriyyəti rəsmilər, deputatlar, paytaxt teatrlarının, yaradıcılıq ittifaqlarının təmsilçiləri, teatrsevər ziyalılar idi deyə 90 ilin hesabatını belə bir seçkin topluma bəyəndirmək asan olmayacaqdı.
Yubiley mərasimi Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin çıxışı ilə başladı. “Əziz teatrsevərlər, əziz teatr xadimləri” xitabı ilə sözə başlayan nazir belə yubiley mərasimində təbrik nitqi söyləməyin şərəfli iş olduğunu vurğuladı. Bildirdi ki, teatr sənəti Azərbaycan mədəniyyətində əvəzolunmaz yer tutur. Ulu öndər Heydər Əliyevin milli teatra diqqət və qayğısının möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən nazir diqqətə çatdırdı ki, ölkə başçısının müvafiq sərəncamlarına əsasən bu il üçüncü teatrımızın (ötən aylarda Mingəçevir və Sumqayıt teatrlarının 50 illiyi keçirilib – red.) yubileyini qeyd edirik. Vurğulandı ki, Prezidentin təsdiq etdiyi Azərbaycan teatrının 10 illik inkişaf proqramı çərçivəsində çox böyük işlər görülüb və son on ildə Azərbaycan teatrının simasının necə dəyişdiyinə, hansı nailiyyətlərin əldə edildiyinə bütün teatr xadimləri şahiddir.
Nazir sözünə davam edərək söylədi ki, Gənc Tamaşaçılar Teatrı sovet ideologiyasının kütlələrə aşılandığı ən qızğın vaxtda yaradılıb. 1928-ci ildə sovet yazıçılarının əsərləri ilə kommunizm ideologiyasını gənc nəslə çatdırmaq üçün Bakı Uşaq Teatrı kimi fəaliyyətə başlayan, 1936-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanan bu teatr uzun illər gənclərin mənəvi tərbiyəsində böyük rol oynayıb: “Bu gün bu teatrın vəzifəsi digər teatrların qarşısında duran vəzifədən fərqlənir. Gənc Tamaşaçılar Teatrının məqsədi Azərbaycan gənclərinin tərbiyəsi ilə məşğul olmaqdan, milli, müstəqil dövlətçilik ideologiyası əsasında tərbiyə etməkdən ibarətdir. Bu teatr çağdaş Azərbaycan gəncliyinin təfəkkürünü formalaşdıran teatrdır. Mən çox sevinirəm ki, bu proses teatrda uğurla gedir, teatr hər tamaşası ilə yeni-yeni tamaşaçıları cəlb edir. Bu gün teatr yeni mərhələdədir. Öz keçmiş düşüncə tərzindən ayrılaraq, güclü ənənə sütunları üzərində yeni teatr formalaşdırmaqdadır”.
Əbülfəs Qarayev çıxışının sonunda vurğuladı ki, bu il biz iki dəfə böyük teatr həyəcanı yaşadıq: “Eyni ildə həm beynəlxalq teatr festivalı keçirdik, həm də teatr konfransı. Bu siyahını teatrlarımızın, sənət xadimlərinin dövlət səviyyəsində keçirilən yubileyləri ilə davam etdirmək olar. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın səyləri, Teatr Xadimləri İttifaqının, digər yaradıcılıq ittifaqlarının fəaliyyəti ölkəmizdə teatr sahəsinin canlanması ilə nəticələnib. Mən salonda əyləşmiş insanları seyr edərkən onların hər birinin böyük yaradıcılıq yolu keçdiyini görürəm. Sizlər öz istedadınızla, öz əməyinizlə Azərbaycan teatr salnaməsini yazmış insanlarsınız. Mən əminəm ki, Azərbaycan teatr sənəti daim inkişaf edəcək, görkəmli ədiblərimizin, teatr xadimlərimizin ardınca istedadlı gənclərin adlarını eşidəcəyik. Bayramınız mübarək!”
* * *
…Pərdə açılanda özümüzü səhnədən tanıyıb sevdiyimiz qəhrəmanların əhatəsində hiss etdik. Teatrın bütün aktyor heyəti səhnədə idi. Göydən enən kim, heykəlinin ”buzu” açılan kim… Aktyorların hamısı da tamaşada oynadığı səhnə geyimində. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, bu teatrın nəzdindəki “Oyuq” studiyasının balaca sənətçilərinin şux rəqsi və dostluq haqqında oxuduğu mahnı səhnədəki hər kəsə sirayət etdi. Səhnənin arxa divarını tutan iri ekran isə bizi teatrın tarixinə ekskursiyaya apardı.
Gənc Tamaşaçılar Teatrının ilk tamaşasının afişasından tutmuş, məskunlaşdığı binanın görüntüləri, bu kollektivin yaradıcılarının fotoları ekrana gəldikcə səhnədəkilər və bütün salon təməlçi sənət fədailərini ehtiramla alqışlayırdı. Tarix yaradan insanların fotoları, teatr tarixində qalmış tamaşaların şəkilləri bir-birini əvəzlədikcə fonda GTT-nin ən möhtəşəm tamaşalarından birindən – “Rüstəm və Söhrab”dan final səhnəsinin, bir-birini tanımayan qəhrəmanların – ata ilə oğulun döyüş səhnəsinin səslənməsi teatrın öz tarixinə ehtiramı kimi anlaşılırdısa, digər tərəfdən sənət meydanında qazanılan hər hansı uğurun üzbəüz cəngavər savaşındakı qələbədən asan başa gəlmədiyi anlamını salona ötürürdü.
Bu gecənin bizim alışdığımız standart yubiley tədbirlərindən tam fərqlənməsi, yubileyini qeyd edən kollektivin səhnədə roldan-rola girərək, obrazdan-obraza keçərək, tamaşalardan göstəriləcək fraqmentlərin üzvi surətdə bir-birinə bağlanması seyrçidə öz milli dramaturgiyamızın, eləcə də dünya dramaturgiyasının şah nümunələrinin bu teatrda oynanılmasından dolayı qürur hissi doğururdu. Bu yubileydə Mirzə Fətəlinin də, Mirzə Cəlilin də, Əbdürrəhim bəy Haqverdiyevin də, Süleyman Sani Axundovun da, Cəfər Cabbarlının da, Hüseyn Cavidin də, İlyas Əfəndiyevin də, onlardan sonra gələn ədiblərin də əsərlərindən parçaların göstərilməsi, Şekspirdən, Servantesdən Qrimm qardaşlarınadək əcnəbi müəlliflərin müxtəlif yaş qrupları üçün nəzərdə tutulan əsərlərindən hissələrin yer alması həm də teatrın yaradıcı potensialının nümayişi idi.
Dünənini unudanın sabahı olmaz. Ötən əsrin 70-80-ci illərində bu teatrın vizit kartı kimi qarşılanan dörd tamaşadan – İmran Qasımovun “Sən nə üçün yaşayırsan?”, İsgəndər Coşqunun “Ana laylası” və “Komsomol poeması” (S.Vurğunun poeması əsasında poetik səhnə dramı), eləcə də Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndən fraqmentlərin proqrama daxil edilməsi bu sənət ocağının tarixinə ehtiramın ifadəsi idi. Əgər Cəlal ilə Humayın görüş səhnəsini sevgi tamaşalarına həsr olunmuş bölümdə teatrın gənc aktyorları ifa etdilərsə, Danabaş kəndindəki yeni üsullu məktəbin eybəcərliklərini də cavanlar göstərdilərsə, “Sən nə üçün yaşayırsan?” tamaşasının kulminasiya səhnəsi – Leyla, Pərviz və Səmədin ömrün ən mühüm sualına cavab verdikləri epizodu öz qəhrəmanlarından yaşca iki dəfə böyümüş Əməkdar artist Şəfəq Əliyeva, xalq artistləri Tariyel Qasımov və Ağaxan Salmanlı canlandırdılar. Bir zamanlar “Ana laylası” tamaşasında oynadığı obrazla bütün yeniyetmə qızların sevimlisinə çevrilmiş Əməkdar artist Almaz Mustafayeva da öz əvəzsiz Baharını stajlı tamaşaçıların yadına saldı, onları uşaqlıq, ilk gənclik çağlarına qaytardı.
Dinamik, teatrın bütün repertuarını və bütün aktyorlarını əhatə edən yubiley gecəsində kollektivin ürək sözünü isə bu mövsümün premyerasının baş qəhrəmanı Don Kixot – Xalq artisti Qurban İsmayılov azacıq improvizə ilə söylədi: “Mən cəngavərlər haqqında romanlarda oxumuşam ki, cəngavərlər heç zaman təslim olmurlar. Əgər bu bayram bitdisə, qoy bitsin. Sabah bizi yeni bir mübarizə, yeni bir qələbə gözləyir. Sabah yenidən işıqlar yanacaq, musiqi səslənəcək, min illərdən bəri bitib tükənməyən teatr adlı möcüzə yenidən davam edəcək, sizin düşüncənizdə kiçik bir iz buraxmaqdan ötrü əlindən gələni əsirgəməyəcək. Ona görə də təslim olmaq qadağandır. Yorulmadan vuruşaraq, döyüşərək, biz sizinlə istəyimizə nail olacağıq. Həmrəylik, bərabərlik, dostluq əvvəl-axır Yer üzündə bərqərar olacaq. Siz bizim etdiklərimizi ayrı-ayrılıqda yadda saxlamaya bilərsiniz. Amma bizi xeyirxah teatr fədailəri kimi xatırlayın. İrəli, bir addım da geri çəkilmədən irəli!”
Digər premyeradan – “Bremen musiqiçiləri” tamaşasından improvizə mətnli mahnı ilə başa çatan yubiley gecəsi teatrda çalışmış və çalışan qocaman sənətkarların da səhnədən alqışlanması, yenidən “Oyuq”çuların ön cərgədəki bayram sevincinin təzahürü xoş duyğular yaratdı. Lap məşhur nəğmədə deyildiyi kimi: bizdə yaşlılara ehtiram da var, cavanlara açıq yol da!..
* * *
Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley gecəsi milli teatr tariximizin xoş ovqatla anılacaq səhifələrindən birinə çevrildi. Biz də “Mədəniyyət” qəzeti olaraq, redaksiyamız və oxucularımız adından həmişəcavan teatrımızın 90 yaşını təbrik edir, onlara ən xoş arzularımızı ünvanlayırıq.
Bu yubiley sevincini öz pərəstişkarlarına yaşatmış kollektivə, “100 yaşını görəsiz!” alqışını edir, “Hər zaman uğurlarınızdan yazmaq qismətimiz olsun!” diləyimizi bildiririk!
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.1;3.