O “Əjdaha”dan
bizdə də var...
Xalça Muzeyi dekabrın
7-də “Rəsm” milli
zərgərlik brendinin
yeni “Əjdahalı” kolleksiyasının təqdimatına
ev sahibliyi
etdi.
Təqdimat mərasimində zərgərlik
brendinin yaradıcısı
Rəsminə Qürbətova
çıxış edərək
diqqətə çatdırdı
ki, Bakı tarixən həmişə
zərgərləri ilə
tanınıb. Bu gün zərgərlik məmulatlarına
alıcıların münasibəti
fərdidir: “Əvvəllər
alıcılar “hamıda
olandan” almaq istəyirdilərsə, bu
gün artıq onlar “yalnız bizdə olsun” prinsipini əsas götürürlər. Bu eksklüzivlik
isə bizim milli ornament və naxışlardadır”.
Rəsminə xanım Azərbaycan
xalçalarındakı ornament və naxışların
səciyyəvi xüsusiyyətləri
haqqında fikirlərini
bölüşdü. Qeyd etdi
ki, XVI-XIX əsrlərdə
“Əjdahalı” çeşnisinin
bədii-texnoloji baxımdan
inkişafında Azərbaycan
xalçaçılığının
rolu olub. Bu klassik çeşni
tarixi “bünövrə”
rolunu oynamaqla yanaşı, yerli və yeni meyilləri
də əks etdirib. Əsasən XVII-XVIII əsrlərdə toxunan bu xalça
nümunələrinə dünyanın
məşhur incəsənət
muzeylərində və
şəxsi kolleksiyalarda
rast gəlmək mümkündür. Bu gün “Əjdahalı” kolleksiyasının Xalça
muzeyində təqdim edilməsi də simvolik xarakter daşıyır. Çünki bu muzeydə “Əjdahalı” çeşnisində
toxunan xalçalar da qorunur.
Vurğulandı ki, “Rəsm” brendi qədim Azərbaycan ornament və naxışlarının müasir
interpretasiyasını təqdim
edir. Brendin əsas ideyası
milli mədəniyyət
və incəsənətimizin
populyarlaşdırılmasıdır.
Bu zinət əşyaları
sadəcə dəbdəbəli
aksesuar deyil, Azərbaycanın mədəniyyətinə,
ənənələrinə və milli ruhuna
bağlıdır. Bütün məmulatlar
dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların
mənşəyi barədə
məlumatlar və təsvirlərlə verilir.
Təqdim olunan “Əjdahalı”
kolleksiyası xalçalarda
əks olunan motivlərlə bəzədilmiş
50-dən çox zinət
əşyasından ibarətdir.
Kolleksiyanın əsas məqsədi
Azərbaycanın qədim
xalçaçılıq sənətinə maraq yaratmaq, milli və mənəvi dəyərləri yaşatmaqdan
ibarətdir. Qarabağ xalçaçılıq
məktəbinin ən
gözəl nümunələrindən
hesab edilən “Əjdahalı” xalçaları
XVI-XVIII əsrlərdə Qarabağda,
həmçinin Şirvan
və Qubada toxunub. Azərbaycan dekorativ-tətbiqi xalq sənəti nümunələrində tək
olaraq istifadə edildiyi zaman əjdaha xeyir qüvvəni simvolizə edir. Qədim türk inanclarına
görə, “Büke”,
“Evren”, “Kök-luu”, “Abırqa” adlandırılan
əjdahalar müsbət
qüvvəni təmsil
edir. Qıpçaq türklərində “Beqşa” adlı əjdaha ailə ocağının qoruyucusu
kimi qəbul olunurdu. Səfəvilər dövrü xalçalarında
da bu motiv
geniş istifadə edilib. Bu gün
xanımların daha çox üstünlük
verdiyi əjdahalı kolleksiyasının zinət
əşyaları da milli kökdən qaynaqlanaraq ailə tellərinə bağlılıq
və ailə möhkəmliyini simvolizə
edir.
Daha sonra “Rəsm” milli zərgərlik brendinin saytı (www.resm.com) təqdim
olundu. Sayt vasitəsilə “Rəsm”in zinət əşyalarını sifariş
etmək mümkündür.
Onlayn mağazada bu brendin zinət əşyalarının bütün
modelləri mövcuddur.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.8.