Zamanın fövqündə tarix yazan
şəxsiyyət
Heydər Əliyevin tarixi xidmətlərinin
miqyasını zaman keçdikcə daha aydın dərk edirik
Tarix və şəxsiyyət... Bəşəriyyətin varlığından, xalqların və dövlətlərin formalaşmasından bu yana daima aktual olmuş bir mövzu. Əksərin üzərində dayandığı mülahizəyə görə, şəxsiyyəti, görkəmli xadimləri tarix, zaman yetişdirir, yaradır. Amma zamanın fövqündə dayanan böyük şəxsiyyətlər də həyatları, fəaliyyət və əməlləri ilə tarix yazır, zamanın gedişatını dəyişir, təkcə yaşadığı dövrə deyil, özündən sonrakı onilliklərə də öz möhürünü vurmuş olur.
Heydər Əliyevin Azərbaycanın yeni tarixində yeri, gördüyü işlərin miqyas və mahiyyəti də dövrünü aşan, zaman ötdükcə daha dərindən dərk edilən zəngin fəaliyyət və dövlətçilik salnaməsidir. O, siyasi fəhmi, yüksək liderlik keyfiyyətləri və böyük idarəçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, milli dövlətçiliyimizin inkişaf etdirilməsi, ölkəmizin dünyada layiqli yer qazanması üçün müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət kimi tarixdə qalacaqdır.
Dekabrın 12-si Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. İstər sağlığında, istərsə vəfatından sonra onun haqqında çoxlu kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq. Ona ithaf olunmuş bədii əsərlər, musiqi, təsviri sənət nümunələri, həyat və fəaliyyətindən bəhs edən filmlər, televiziya və radio verilişləri bundan sonra da yaranacaq. Lakin bir məqamı etiraf etmək lazımdır ki, Heydər Əliyev haqqında bəhs edən hər müəllif ən yaxşı halda onun siyasi portretinin bir neçə cizgisini, çoxşaxəli fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Tarixə adını əbədi həkk etmiş nəhəng şəxsiyyətlərin həyat və fəaliyyətini bir əsərdə, tək yazıda bitkin şəkildə əhatə etmək, ümumiyyətlə, mümkünsüzdür. Biz də bu yazıda ulu öndər haqqında, onun şəxsiyyəti barədə sadəcə bəzi məqamları diqqətə çatdırmağa çalışacağıq...
O, birincilik üçün yaranmışdı. Liderlik bacarığı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyev sovet dövlətinin rəhbərliyində yeganə azərbaycanlı, müsəlman-türk olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, üstündən illər ötəndən sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində – sıravi işçidən alimədək – hər kəs onu ehtiramla anır. Məhz Heydər Əliyevin Kremldə, “Politbüro”da hamıdan üstün, bacarıqlı, işgüzar və istedadlı olması səbəbindən baş katib Mixail Qorbaçov onu 1987-ci ildə istefaya göndərmişdi. Çünki Heydər Əliyevin bacarıq və qabiliyyəti qarşısında öz zəifliyini görür, bu müstəvidə onunla bir səviyyədə dayana bilməyəcəyini dərk edirdi.
Heydər Əliyev orta məktəb illərində teatra maraq göstərmiş, hətta deyilənə görə, bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. O, aktyorluq sənətinin ardınca getmədi, amma özünün ən böyük tarixi rolunu doğma xalqının, Azərbaycanın həyatında, taleyində oynadı. O, həyatı boyunca dəfələrlə Şekspirin qəhrəmanının məşhur dilemması ilə üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib çıxmışdı. 1993-cü ilin yayında xalq kömək üçün ona üz tutanda Azərbaycan dövlətçiliyi də “olum, ya ölüm” sualı ilə üz-üzə idi. O, tarixi qərarını verdi, ölkəyə rəhbərliyi üzərinə götürdü, sabitlik yaratdı, gənc respublikanı inkişaf və beynəlxalq birliyə inteqrasiya yoluna çıxardı.
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” – Heydər Əliyev respublika rəhbərliyinə qayıdarkən bəyan etdiyi bu sözlərə ömrünün sonunadək sadiq qaldı.
Heydər Əliyev ali məktəbdə öncə memarlıq üzrə təhsil almışdı. O, memar peşəsində işləmədi, amma siyasətçi kimi ən uca missiyanı gerçəkləşdirdi: müasir Azərbaycan dövlətinin memarı oldu. Yüksək vəzifələrdə çalışanda, dövlət rəhbəri olanda da həmin peşəyə marağı azalmadı, əksinə, bu, işində, fəaliyyətində onun karına gəldi. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var. O, rəhbərliyi dövründə reallaşan bütün böyük tikililərə, memarlıq-inşaat layihələrinə şəxsən nəzarət edir, önəm kəsb edən hər bir detala diqqət yetirirdi. Ümummilli liderlə müxtəlif tikinti layihələri ilə bağlı dəfələrlə ünsiyyətdə olmuş paytaxtın keçmiş baş memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu barədə müsahibələrinin birində deyir: “O, bu peşəni hədsiz dərəcədə sevirdi. Memarlıq onun ürəyində, düşüncələrində, maraq dairəsində özünə həmişəlik yer etmişdi. Heydər Əliyev ona təqdim olunan çertyojları, memarlıq əsərini sadəcə dövlət rəhbəri kimi deyil, məhz peşəkar şəkildə nəzərdən keçirirdi”.
Ulu öndər ikinci dəfə
tarix ixtisası üzrə ali təhsil almışdı. Tarixçi və ya tarix
müəllimi də olmadı. Bununla belə, dövlət
xadimi kimi tarixdə ən böyük izini qoydu, Azərbaycanın
ən yeni tarixini öz əməlləri ilə yazdı. Onun
həyatı və fəaliyyəti bu tarixin ayrılmaz hissəsidir.
“Müstəqil Azərbaycan dövlətçiliyi
Heydər Əliyevin şah əsəridir” – bu, sadəcə,
gəlişigözəl söz deyil, Heydər Əliyevin
qurduğu dövlətin gücünə, perspektivlərinə
bələd olan, bu dövlətlə hesablaşan əcnəbilərin
də etirafıdır.
* * *
O, Azərbaycana
rəhbərlik etdiyi və böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə
xalqın taleyində tarixi rol oynayıb və həyatı
boyu həmişə xalqa arxalanıb. “Mənim
həyat amalım bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olub. Bu yolda bütün
gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və
bütün uğurlarımı təmin edib” – bu onun siyasi fəaliyyət
kredosu və dövlət rəhbəri kimi yüksək
etirafı idi.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi
sınaqlar, dövlətçiliyimizin ən ağır
günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət
bu sözlərdəki gerçəyi dəfələrlə
təsdiqləyib. 1994-cü ilin oktyabrında Azərbaycan
dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə
Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın
müstəqilliyinin müdafiəsinə
çağırdı. Həmin müraciətdən
dərhal sonra minlərlə insan gecə yarısı Prezident
Sarayının qarşısına toplaşdı, ulu öndərə
və dövlətçiliyə dəstəyini
nümayiş etdirdi.
2003-cü ilin 12 dekabrında uzaq Klivlenddən gələn
məşum xəbərin səhərisi yenə minlərlə
insan həmin ünvana üz tutmuşdu. Bu dəfə onları
heç kim
çağırmamışdı. İnsanları
həmin ünvana Heydər Əliyevin adı
toplamışdı. Minlərlə
insanın Prezident Sarayının qarşısına
gül-çiçək dəstələri düzməsi,
xatirə şamları yandırması xalqın öz rəhbərinə
ehtiramının nümayişi idi.
Onun vəfatı Azərbaycan Respublikasının sərhədlərindən
uzaqlarda yaşayan soydaşlarımızı, dünya azərbaycanlılarını
da hüznə bürümüşdü. Çünki
o, bütün azərbaycanlıların prezidenti idi. Heydər Əliyev 1993-cü ilin dekabrında dövlət
başçısı olaraq ilk xarici səfərindən
(Fransa) dönəndən sonra jurnalistlərlə söhbətində
belə bir faktı təəssüflə qeyd etmişdi ki,
xaricdəki azərbaycanlılar mütəşəkkil deyil,
Azərbaycan gerçəkləri dünyada yetərincə
tanınmır, təbliğ olunmur. Məhz
buna görə o, prezidentliyi illərində dünyadakı azərbaycanlıların
təşkilatlanması, Azərbaycanın tarixi gerçəklərinin,
milli mədəniyyətimizin dünyada geniş
yayılması üçün səylərini əsirgəmirdi.
“Vətəndən kənarda yaşayan
soydaşlarımızın ürəkləri gərək
daim Azərbaycanın nəbzi ilə bir vursun. İndi bizim
müstəqil dövlətimiz var. Deməli, harada olursan-ol, Azərbaycanın
müstəqilliyi haqqında, Azərbaycan xalqının bu
günü və gələcəyi haqqında
düşünməlisən” – Heydər Əliyev bu sözləri
1994-cü ilin fevralında Londonda azərbaycanlı icması
ilə görüşdə bildirmişdi. Sonrakı illərdə dünyadakı azərbaycanlıların
təşkilatlanması yönündə görülən
işlər, azərbaycançılığın xaricdəki
həmvətənlərimizi birləşdirən ortaq dəyərə
çevrilməsi ümummilli liderin bu nəsihətinin həyata
keçdiyinə bariz misaldır.
* * *
Heydər
Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən
yüksəyi, ən böyüyü mədəniyyətdir.
Yüksək mədəniyyətə malik olan
xalq həmişə irəli gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf edəcəkdir”.
Onun dövlət siyasəti səviyyəsinə
yüksəltdiyi azərbaycançılıq da tariximizin uzaq
çağlarından gələn, xalqımızın ənənələrini,
ana dilimizi, milli mədəniyyətimizi təcəssüm
etdirən məfkurədir. Bu məfkurəni
təbliğ etmək mahiyyət etibarilə Azərbaycan
xalqının milli-mənəvi, mədəni zənginliyini
dünyaya tanıtmaq deməkdir.
Mədəniyyətimizin böyük hamisi, əsl sənət
xiridarı hakimiyyətdə olduğu bütün dövrlərdə
bunu özünün fəaliyyət amalı kimi qəbul edib,
hələ SSRİ zamanında mövcud quruluşun çərçivələri
daxilindəki imkanlardan istifadə edərək mədəni
irsimizin, milli-mənəvi dəyərlərimizin təbliği
naminə səylərini əsirgəməyib. Həmin illərdə
Azərbaycan ədəbiyyatında, incəsənətində
xalqın tarixini, dəyərlərini tərənnüm edən
əsərlərin yaranması, keçmiş ittifaqın
şəhərlərində görkəmli şəxsiyyətlərimizin
yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyəti
və incəsənəti günlərinin təşkili məhz
bu amala xidmət edirdi. Heydər Əliyevin bütün
dövlətçilik fəaliyyəti, əslində, azərbaycanlı
və azərbaycançı adına fəxarətdir.
O, bu missiyadan doğan qürurunu illər sonra
özünün məşhur kəlamı ilə ifadə edəcəkdi:
“Mən həmişə fəxr etmişəm və bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu qüruru vətəndən uzaqda yaşamaq və
yaşatmaq müstəsna önəm kəsb edir. Çünki
yad milli-mədəni mühitdə azərbaycanlılar
üçün qloballaşma
çağırışları qarşısında kimliyini
saxlamaq, onu aşınmalardan mühafizə etmək çətindir.
Buna görə Heydər Əliyev xarici səfərləri
zamanı soydaşlarımızla görüşlərində
bu məqama məxsusi diqqət verir, onları
yaşadıqları ölkədə ictimai-siyasi,
işgüzar həyata nüfuz etməyə, eyni zamanda tarixi
Vətəni unutmamağa, milli-mənəvi dəyərlərimizi
təbliğ etməyə çağırırdı.
“Mən azərbaycanlıların dünyada geniş
yayılmasını istəyirəm. Başa
düşürsünüzmü? Geniş
yayılmasını arzulayıram” – görkəmli dövlət
xadiminin xaricdəki soydaşlarımızla son
görüşlərindən birində (Ukrayna, 20 iyul 2002-ci il) xüsusi vurğu etdiyi bu sözlərə
diqqət yetirək. Azərbaycanlıların dünyada
geniş yayılmasını dedikdə o, sadəcə,
demoqrafik göstəriciləri, azərbaycanlıların mənsəb,
imkan sahibi olmasını nəzərdə tutmurdu: “Buralarda gərək
bizim mahnılarımızı, adətlərimizi də bilsinlər.
Azərbaycanlı olduğunuzu unutmayın.
Bizim çox zəngin dilimiz var. Azərbaycan
dili şeriyyət dilidir. Bu dili
yaxşı bilmək lazımdır. Gərək
sizin uşaqlarınız, nəvələriniz də bu dili
bilsinlər. Evinizdə Azərbaycan adətləri,
musiqisi çox olsun. Çünki mədəniyyət
və dil qədər insanın millətini ucaldan şey yoxdur”.
* * *
Heydər Əliyev vətənpərvər lider olmaqla bərabər, eyni zamanda planetar düşüncəli siyasətçi, dövlət xadimi idi. O hər zaman çıxışlarında bir məqamı xüsusi vurğulayırdı ki, müstəqil dövlətçilik, xalqın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi milli təcridolunmanı təlqin etməməli, əksinə, biz dünya irsinə, ümumbəşəri dəyərlərə açıq olmalı, onlardan bəhrələnməli və qarşılıqlı olaraq zənginləşməliyik. Ulu öndər bu məqamı hələ 1993-cü ildə diqqətə çatdırmışdı: “Azərbaycanda müstəqillik meylləri artandan sonra hakim siyasət bir müddət bundan ibarət olub ki, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır. Kim Azərbaycan dilini bilirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, əsl azərbaycanlıdır. Müstəqilliyi milli məhdudiyyətdə görənlər unudurlar ki, 1918-ci ildə Azərbaycan dövlətinin yaradıcıları, bizim böyük yazıçılarımız, bəstəkarlarımız Rusiyada, Avropada təhsil almış adamlar idi. Bu olmasaydı, Üzeyir bəy klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə sintezini yaradıb dünyaya belə gözəl nümunələr təqdim edə bilməzdi. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”.
Müdrik dövlət xadiminin bu konseptual baxışları Azərbaycanın türk dünyası ilə münasibətlərində də əksini tapıb. O, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun təşəbbüskarı, müəllifi olduğu regional layihələr türk xalqlarının yaşadığı geniş coğrafiyada uzunmüddətli inkişaf və əməkdaşlığa meydan açdı.
Ulu öndər türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində şəxsən iştirak edir və qardaş xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib.
Heydər Əliyev 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu yubileylər, eyni zamanda ümumtürk mədəniyyətinin təntənəsi idi. “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mədəni sərvətidir”, - deyə Heydər Əliyev 2000-ci il aprelin 8-də eposun 1300 illiyi münasibətilə türkdilli dövlət başçılarının Bakıda keçirilən zirvə görüşündə bildirmişdi.
* * *
Heydər Əliyevin vəfatından 15 il ötür. Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini zaman ötdükcə daha aydın hiss edirik. Eyni zamanda ötən hər il bir gerçəyi bariz şəkildə təsdiqləyir. Heydər Əliyev siyasəti, onun dövlətçilik strategiyası Azərbaycanın uzunmüddətli, davamlı inkişaf yolunu təmin etməkdədir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi onun qurucusu olduğu dövlətin yüksəlişində öz təsdiqini tapır. Əməlləri ilə tarix yazan, tarix yaradan şəxsiyyətlərin zaman salnaməsində yeri dünya durduqca var olur...
Vüqar ƏLİYEV
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.1;4.