Hüseyn Cavidin şeirləri qazax dilində

 

 

Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən böyük ədibin qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.

Universitetin rektoru Qalım Mutanov Hüseyn Cavid yaradıcılığının türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini vurğulayaraq Qazaxıstan ədəbiyyatşünaslarını şairin irsini daha geniş tədqiq etməyə çağırıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığını öyrənməklə əslində, bütün türk dünyasının mədəniyyəti və həyatı ilə tanış olmaq mümkündür. Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirib.

Akademik Teymur Kərimli təkcə - “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” – misrasının Cavidin bütün yaradıcılıq fəlsəfəsini anlamağa kifayət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas verir ki, dilçilər, ədəbiyyatşünaslar bu məsələyə xüsusi diqqət yetirməklə ümumtürk mədəniyyətini, dilini, ədəbiyyatını zənginləşdirə bilərlər.

Təqdimat mərasimində qazax alimləri böyük ədibin yaradıcılığı ilə bağlı müzakirələr aparıb və tələbələr onun şeirlərindən nümunələr səsləndiriblər.

Əl-Fərabi adına Milli Universitetdə “Azərbaycan tarixi və mədəniyyəti mərkəzi”nin qurulması və iki ölkənin elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasında xidmətlərinə görə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, akademik Teymur Kərimli və Azərbaycan əsilli qazax alimi Əsli Osman universitetin yubiley medalı ilə təltif olunublar.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.7.