Azərbaycan teatrının bugünkü imici – “Sərhədsiz teatr

 

 

XX əsrin istənilən sahədə ölkələrin, dövlətlərin bir-birinə yaxınlaşması, eyni məram uğrunda birləşməsi ilə də dünya sivilizasiyası tarixində qalacağı bəllidir. Siyasi ittifaqların, hərbi blokların, sülh naminə yaradılan təşkilatların ardınca iqtisadi, hərbi, dini və mədəni cəmiyyətlər yaranmağa başladı. Çünki sıravi insanlar kimi dövlətlərin də bir çox məsələləri birlikdə həll etməyə, özünütəsdiqə, ən nəhayət, özünü tanıtmağa ehtiyacı var.

Azərbaycanın beynəlxalq miqyasda özünü tanıtması və sözünü deməsi ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməsindən sonra mümkün oldu. Kapitalistsosialist düşərgəsinə bölünmüş dünya yetmiş il bizi SSRİ adlı nəhəngin 15 yekrəng bölümündən biri kimi qəbul etmişdi. Tarix boyu genetikamıza hopmuş tolerantlıqla bərabər milli zəmində genişürəkli olmağımız üzündən özümüz haqqında gerçəklikləri hər kəsə yaymaqda, müasir dünyanın qaçılmaz reallıqlarından olan lobbiçilik aparmaqda çətinliklərimiz az olmadı. Beynəlxalq arenada Azərbaycan həqiqətlərini sübuta yetirmək, öz mədəni zənginliyimizi, dünya mədəniyyət tarixinə qatqımızın uzunömürlü dövlətçilik ənənələri əsrlərlə ölçülən, öz dilini dünyanın hegemon və ən işlək dillərinə çevirmiş xalqlarınkından az olmadığını göstərmək üçün çox çalışmalı və zəhmət çəkməli olduq.

Yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının dünya miqyasında məqsədyönlü və planlı şəkildə tanıdılması siyasəti həyata keçirilməyə başlandı. Bu gün artıq dünyanın siyasi gücləri Azərbaycanla hesablaşdığı kimi Azərbaycan mədəniyyətini də tanıyıb, bizim milli dəyərlərimizi öz adı ilə tanımaq yolunu tutub. Bütün bunlar isə “bu mənəm”, “mən buyam”, “hər şey bizimdir”, “bunu biz başladıq” deməklə olmur. Bundan ötrü çalışmaq, öz mənəvi, mədəni zənginliyini tarixi faktlarla sübuta yetirmək yolunda ardıcıl səy göstərmək lazımdır.

* * *

Bizim sənətsevər tamaşaçıların çoxu teatrlarımızın müstəqillik dövründə beynəlxalq qurumlara üzvlük, onlarla əməkdaşlıq baxımından hansı uğurlara nail olduğunu bilmirlər.

Elə ondan başlayaq ki, ölkəmizin ən qocaman yaradıcılıq təşkilatı – Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) UNESCO-nun nəzdindəki Beynəlxalq Teatr İnstitutu ilə əməkdaşlıq edir, bu qurumun Azərbaycan Milli Mərkəzi fəaliyyət göstərir. Beynəlxalq Teatr İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edən milli qurumun təklifi ilə Beynəlxalq Çexov Festivalının “İpək yolu” mərhələsinin ölkəmizdə keçirilməsinə qərar verilib. Bir ay öncə, noyabrın 14-də isə ATXİ Gürcüstan, Belarus və Litvanın teatr cəmiyyətləri ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Bu sənədin ən önəmli cəhəti də budur ki, o, təkcə qarşılıqlı qastrolların, festivallarda iştirakın təşkilini deyil, həm də teatrların, xüsusən də region teatrlarının birbaşa qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. Eyni gündə Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında da birbaşa əməkdaşlıq memorandumu imzalanması dediklərmizə sübutdur.

Adıçəkilən sənəddən bir neçə gün öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Bolqarıstan Milli Dram Teatrı arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan sənəd imzalanmışdı. Bu münasibətin yaranmasına isə 2017-ci ilin yayında Bolqarıstanın Varna şəhərində keçirilən teatr festivalında kollektivinİuda” monotamaşası ilə iştirakı, bu tamaşanın mükafat qazanması vəsilə olmuşdu. Bu ilin aprelində teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətovun Sofiyaya tanışlıq məqsədli işgüzar səfəri böyük tarixə malik iki teatr arasında əməkdaşlıq imkanlarının mövcudluğunu təsdiqləmişdi.

* * *

UNESCO nəzdindəki Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyası – ASSİTEJ 1965-ci ildən fəaliyyət göstərir. Eyni istiqamətli teatrlarda çalışanları birləşdirən beynəlxalq qurumun dünyada 104 milli mərkəzi fəaliyyət göstərir. 2011-ci ildə Beynəlxalq ASSİTEJ İcraiyyə Komitəsinin Fransada keçirilən qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) da quruma üzv qəbul edilib. Hazırda Milli Mərkəzin ADGTT-dən başqa 5 kollektiv və 51 şəxs üzvü var. Milli Mərkəz teatrın qastrolfestivallarda iştirakı, eləcə də kollektivin hazırladığı tamaşalar, onun sənət qayğıları barədə davamlı olaraq öz üzvləri qarşısında hesabat verir.

* * *

Azərbaycan teatrsevərinin formalaşmasında ilk rolu oynayan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 2011-ci il sentyabrın 17-dən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının  (UNİMA) üzvüMilli Mərkəzin yaradıcısıdır. UNİMA-nın Azərbaycan Milli Mərkəzi ölkənin beş kukla teatrını (Gəncə, Naxçıvan, QaxSalyan dövlət kukla teatrları daxil olmaqla) və Marionet Teatrını özündə birləşdirir. Bizim kuklaçılar UNİMA-nın keçirdiyi müxtəlif festivallarda iştirak etməklə öz işini bitmiş hesab etmirlər. 2011 və 2013-cü illərdə UNİMA və Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə paytaxtımızda “Cırtdan” Beynəlxalq Kukla Teatrları Festivalı keçirildi. Kuklaçı aktyor ixtisasının tədris edilmədiyi nəzərə alınaraq, bir neçə dəfə belə teatrlarda çalışan aktyorlar üçün ixtisasartırma kursları təşkil olundu. Digər milli mərkəzlərlə birbaşa ünsiyyət quran və yaradıcılıq münasibətləri saxlayan UNİMA Azərbaycan Milli Mərkəzi kimsənin teatr zövqündən kənar qalmaması niyyəti ilə məcburi köçkün, qaçqın ailələrinin övladları üçün xüsusi xeyriyyə seansları təşkil edir, uşaq evlərində və internat məktəblərində tamaşalar oynayır, konsert proqramları ilə çıxış edir.

* * *

6-7 aprel 2017-ci il tarixində MDB və Baltikyanı ölkələrin ənənəvi və artıq 19-cu dəfə keçirilən Beynəlxalq teatr festivalı Xarici Ölkələrin Rus Teatr Xadimləri Assosiasiyasının təsis qurultayı ilə başladı. Rusiyanın yaxın və uzaq xaric hesab etdiyi 18 ölkəni təmsil edən teatr mütəxəssisləri qurultayda iştirak etdi. Assosiasiyanın məqsədi rus mədəniyyətinin xaricdə tanıdılmasına, müxtəlif ölkələrin rus teatrlarının birgə layihələrinin həyata keçirilməsinə yardım göstərməkdir. İki ildən sonra bir əsrlik yubileyini qeyd edəcək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının da bu quruma üzv olması, qurum daxilində keçirilən teatr tədbirlərində iştirakı, qastrollara çıxması təkcə hər hansı uğurlu teatr tamaşasının başqa bir məkanda göstərilməsi kimi deyil, bədnam qonşularımızın illərdən bəri kölgəmizi qılınclamasına cavab olaraq bizim tolerantlığımızın ən bariz nümunəsidir.

* * *

Əslində, düşünmək olar ki, musiqi onsuz da sərhəd tanımır, sazdan, muğamdan cazadək heç bir musiqi əsərinin tərcüməyə ehtiyacı yoxdur. Bununla belə, dünyada musiqili teatrlar da təşkilatlanırlar. MDB və Avropa Musiqili Teatrlarının Beynəlxalq Assosiasiyasının yaşı digər beynəlxalq teatr təşkilatları qədər olmasa da, hər halda onlarla musiqili teatrı özündə birləşdirir. Assosiasiyanın 2009-cu il aprelin 18-də Moskvada keçirilən ümumi yığıncağında Azərbaycan Dövlət Musiqili Teatrı yekdilliklə bu quruma üzv qəbul edilib.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı isə təxminən bir ilə yaxındır ki, “Opera Europa” beynəlxalq təşkilatına üzv olub. Tədbirlər planı iki-üç il öncədən tərtib edilən bu qurumun fəaliyyətində bizim opera teatrının səsi hələ eşidilməsə də, digər tərəfdən, bu müddətin sənədləşmə işlərinə və daha çox təşkilatın Azərbaycan opera sənətinə bələd olmasına ayrıldığını nəzərə alaraq, deyə bilərik ki, bizim opera sənətçilərimizin də adı beynəlxalq reytinqdə ilk cərgələri tutan opera sənəti festivallarında çıxış edəcəkləri günlərə çox qalmayıb.

* * *

Beynəlxalq teatr mühitinə adını çəkdiyimiz teatrların inteqrasiyası prosesi isə təməli 2010-cu ildə qoyulmuş Bakı Beynəlxalq Teatr Konfransı ilə başlayır. Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən, ildən-ilə mövzularının sanbalı, iştirak etmək istəyənlərin isə sayının artması, qərargahı Kanadada yerləşən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının artıq doğma ev bildiyi paytaxtımızda düzənlənən bu konfransı dünya miqyasında ciddi teatr və fəlsəfə forumu kimi tanıdır. Bu ilin noyabrında keçirilən 5-ci konfransın iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubu isə Azərbaycanda teatr sənətinə dövlət səviyyəsində qayğı barədə uzun-uzun məruzələrdən daha çox söz deyir. Digər tərəfdən, Mədəniyyət Nazirliyinin konfrans günlərində paytaxt teatrlarına öz ən yaxşı tamaşalarını teatr bilicilərinə təqdim etmək imkanı yaratması bu kollektivlərə dünya səhnəsinə çıxmaq üçün daha yaxşı, daha məsuliyyətli çalışmaq impulsu verir. Bakı teatr konfransına qatılmaq istəyən teatr xadimləri arasında rejissorların, teatr prodüser və menecerlərinin sayının hər dəfə artması isə dünya teatr məkanında Azərbaycan teatrına ciddi marağın olduğuna sübutdur. Konfrans günlərində əcnəbi teatr pedaqoqlarının gənc aktyorlarımıza keçdiyi ustad dərsləri də cavan sənətçiləri öz biliyini artırmağa, üzərilərində çalışmağa sövq edir.

* * *

… 2018-ci ilin mayında Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi beynəlxalq teatr festivalı artıq 3-cü dəfə reallaşdı. Əgər 2014-cü ilin sentyabrında Şəkidə keçirilən ilk festivala cəmi iki xarici teatr kollektivi qonaq gəlmişdisə, 2016-cı ildə onların sayı altıya çatdı və tamaşalar təkcə Şəki səhnəsinə sığışmadı, Mingəçevir və Bakıda da oynanıldı. Builki Şəki festivalı isə demək olar ki, bütün ölkə ərazisini əhatə etdi. Festivalın təşkilat komitəsi iştirak etmək istəyən kollektivlərin yüzdən çox təklifi arasında seçim etməli olmuşdu. İki həftə ərzində müxtəlif şəhərlərdə bir neçə tamaşanın göstərilməsi həm festivala verilmiş “Sərhədsiz teatr” adını doğrultdu, həm  Azərbaycanı təkcə teatr barədə danışan, öz milli teatr ənənəsini nümayiş etdirmək istəyən ölkə kimi deyil, həm də ən müxtəlif teatr janr və üslublarını həzm etməyi bacaran, diqqətli teatr tamaşaçısı olan ölkə kimi tanıtdı.

* * *

Bir zaman romantik şairimiz Məhəmməd Hadi Azərbaycan isminin öncül ölkələr arasında olmamasının acısını çəkirdi. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, insanların öz zövqünə görə istirahət məkanı seçmək, xarici sənət adamlarının ölkəmizə həvəslə gəlmək şanslarını qat-qat artırır. XIX əsrdə teatr sənətini yaşadaninkişaf etdirən milli teatrımızın beynəlxalq qurumlarda imzasının görünməsi özünü milli mədəniyyətin daşıyıcısı hiss edən hər kəsin qürur yeridir.

 

Gülcahan MİRMƏMMƏD

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.5.