Aktyor qüdrətinin sonsuzluğu
“Axırıncı aşırım”, “Dədə Qorqud”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”... Bu sıraya daha onlarla film əlavə edə bilərəm. Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatları laureatı Həsən Məmmədovun yaratdığı hər bir obraz Azərbaycanın kino salnaməsində özünəməxsus yer tutur, sənətkarlıq örnəyi kimi qəbul olunur.
80 illiyi dövlət səviyyəsində qeyd olunan Həsən Məmmədov (1938-2003) neçə-neçə taleyi ömründə birləşdirən böyük sənətkardır. O, ömrünü yaratdığı obraz-qəhrəmanlarına verərək yaşadı. Canlandırdığı obrazın daxili dünyası ilə baş-başa qalıb onun mənəvi-psixoloji yaşantılarını yüksək sənətkarlıqla, ən əsası isə səmimiyyətlə, pafossuz şəkildə tamaşaçıya təqdim etmək Həsən Məmmədov sənətinin özəlliyi idi.
İlk qədəm səhnədən, sənət şöhrəti ekrandan
22 noyabr
1938-ci ildə Salyan rayonunda
dünyaya göz açan Həsən Ağaməmməd oğlu Məmmədov orta
məktəbi bitirib Azərbaycan Dövlət
Universitetinin (BDU) Fizika-riyaziyyat
fakültəsinə qəbul olunsa da, daxilindəki sənət sevgisi
və fitri istedadı onu
teatra gətirir. Bir müddət müxtəlif
teatrlarda aktyorluq edir. İyirmi
yaşında Teatr İnstitutunun
(indiki ADMİU) Dram və
kino aktyorluğu
fakültəsinə daxil olur,
görkəmli rejissor Mehdi
Məmmədovun kursunda oxuyur.
1962-ci ildə
institutu bitirir və təyinatla Akademik Dram Teatrına göndərilir. Bu səhnədə
maraqlı obrazlar yaradır. Ancaq onun sənətdə
əsas ünvanı kino idi. Səhnədəki aktyorluq istedadı
ilə kinematoqrafçıların
diqqətini çəkir.
Sənət taleyinə 50-yə yaxın filmdə çəkilmək yazılır.
Bu, sıradan bir
statistika kimi qəbul edilməsin. Bir fakta
diqqət yetirək.
Həsən Məmmədovun 1970-ci ildə böyük ekranlara çıxan “Yeddi oğul istərəm” filmində yaratdığı Bəxtiyar
rolu, sözün əsl mənasında, böyük əks-səda
doğurmuşdu. O dövrün
ən populyar nəşrlərindən olan
“Qobustan” toplusunun keçirdiyi sorğuda baş rolun ifaçısı “70-ci illərin
ən yaxşı aktyoru” kimi dəyərləndirilmişdi.
Ümumittifaq festivalında “Kişi
rolunun ən yaxşı ifaçısı”
mükafatına layiq görülmüşdü. Aktyor “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatı,
“Birisi gün gecə yarısı” ekran əsərindəki
Baba Əliyev obrazına
görə Azərbaycan
Dövlət mükafatı
ilə təltif olunmuşdu.
O, çəkildiyi filmlərdə
obrazları təkcə
canlandırmırdı, sanki
bütün varlığı
ilə yaşayırdı.
“Böyük dayaq” filmindəki Qaraş obrazı aktyorun kino sahəsinə
doğru uğurlu başlanğıcı oldu.
İldən-ilə bu uğurların
miqyası genişlənir,
fərqli xarakterə malik obrazlar qalereyası zənginləşirdi.
Hüdudsuz istedad
Həyat verdiyi obrazlarla bir neçə nəsil tamaşaçıların
qəlbində əbədi
yaşayan sənətkarı
yubileyi ərəfəsində
sənət dostları
ilə yada saldıq.
Kinooperator, Əməkdar incəsənət
xadimi Kənan Məmmədov onu böyük ehtiramla xatırlayır: “Uzun illər Həsən müəllimlə dostluq etmişik. Mən onu həmişə
sırf kinoaktyor kimi qəbul etmişəm. Bir operator kimi
demək istərdim ki, Həsən Məmmədov pauza aktyoru kimi əvəzsiz
idi. Onunla ön planda
işləməkdən böyük
zövq alırdım.
Mənə görə, ən
önəmli olan aktyorun sözsüz oynamasıdır. O, plastikası,
mimikası və baxışları ilə
obrazın daxili iztirablarını verə
bilir və bununla da aktyor
imkanlarını açmağa
nail olurdu”.
Aktyor, rejissor, Əməkdar
artist Elxan Qasımov Həsən Məmmədovu
Azərbaycan kinosunun ən görkəmli aktyorlarından biri kimi səciyyələndirir:
- Həsən kino aktyoru olaraq ilk addımdan başlayaraq pillə-pillə zirvəyə
qalxan sənətkar idi. Onun “Böyük dayaq”
filmindəki Qaraş obrazı yüksək meyarlı olmasa da, ondan sonra
çəkildiyi filmlərdə
obrazdan obraza inkişaf edir, daha da mükəmməlləşirdi.
Həyatda çox sadə
insan idi, heç zaman “mən” deməzdi. Oynadığı obrazlar haqqında
heç vaxt tərif deməzdi. “Evlənmək istəyirəm”dəki
(“Papaq”) Mirzə Səfər, “Dədə Qorqud”da Dədə Qorqud, “Gün keçdi” filmindəki Oqtay və “Arşın mala alanda”kı
Əsgər - hər bir obrazı ilə özünəməxsus
idi. Operatorluqda Rasim İsmayılov,
aktyorluqda isə Həsən kinoda bənzərsizlərdən idilər.
Həsən o aktyorlardan idi
ki, kameraya baxmadan belə obrazın demək istədiklərini, hislərini
çatdıra bilirdi.
Onun bütün obrazları ayrı-ayrılıqda araşdırılmağa,
bu sənətə gələn gənclərin
öyrənməsinə, nümunə
götürməsinə layiq
olan sənətkarlıq
örnəkləridir”.
Elxan müəllim Həsən
Məmmədovla bir zamanda kinoya gəldiyini deyir:
- Həmin dövrdə sırf kino aktyorları yox idi. Həsən kino aktyorluğunun
öncülü idi.
Rejissorlar həmişə düşünürdülər ki, ssenarini necə
quraq ki, Həsən həmin filmlərdə çəkilə
bilsin. Tələbatlı aktyor idi, xalq tərəfindən də sevilirdi. “Axırıncı aşırım” filmində
Abbasqulu bəy Şadlinski obrazında oynamasını xatırlayıram.
Həmin
rola hansı aktyorun çəkiləcəyi
ilə bağlı tərəddüdlər vardı.
Tofiq Məmmədov həmin filmin ikinci rejissoru
idi. O, Həsəni
elə geyindirdi ki, bütün yaradıcı heyət ilk
baxışdan onun bu obraza çəkilməsinə
razılıq verdi. Onun rejissoru dinləmək
bacarığı var
idi. Sadə, səmimi dost idi. Bu gün Həsənin
tərifə, yaxud da sənəti ilə bağlı müzakirəyə ehtiyacı
yoxdur. Sadəcə, biz dostları xatırlayanda
onun ruhu şad olur.
Xalq artisti Rafiq Əzimov Həsən Məmmədovla ilk dəfə 1970-ci ildə “Yeddi oğul istərəm” filminə çəkilib. Həmin filmdə Şahsuvar obrazını yaradan həmsöhbətim deyir ki, “Arxadan vurulan zərbə”də Həsən Məmmədov Qəmərlinskini, o isə müstəntiq Hüseynovu canlandırıb: “Görkəmli aktyorlar dünyasını dəyişib bizdən uzaqlaşdıqca onların dəyərini daha çox hiss edirik. Həsən Məmmədov sanki kinonun dadı-duzunu özü ilə apardı. Adamı narahat edən odur ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdur. Bu itki ilə barışmaq bizim üçün ağırdır”.
Xalq artisti Şamil Süleymanlı isə vaxtilə Həsən Məmmədovla birlikdə çəkildikləri “Evlənmək istəyirəm” filmini yada saldı. Qeyd etdi ki, görkəmli aktyor Azərbaycan kinematoqrafiyası üçün böyük hadisə idi və onun haqqında saatlarla danışmaq olar: “Amma mərhum sənətkarımızla bağlı bir xatirəmi heç vaxt unutmuram. Tələbə idim. Televiziyada “Böyük dayaq” filmi ilə bağlı verilişə baxırdım. Filmdə Rüstəm kişinin oğlu Qaraşa şillə vurduğu səhnədən söz açılırdı. Verilişdə bu səhnənin uğurlu alınması üçün böyük aktyorumuz Ələsgər Ələkbərovun Həsən Məmmədova həqiqi şillə vurması və sonradan qırağa çəkilib ağlamasından danışırdılar. O zaman buna inanmırdım. Hər ikisi mənim üçün böyük aktyor idi, amma nədənsə bu fakt mənə inandırıcı gəlmirdi. Uzun illər sonra, “Tabutçunun yelləncəyi” filminə çəkilərkən eyni hadisəni yaşamalı oldum. Bu gün deyirəm ki, ustad, bağışla, həmin illərdə sadəlövh olaraq bu hala inanmamışdım. Həsən müəllimlə filmlərə çəkildikdən sonra onun necə böyük bir ürəyə sahib olduğunun şahidi oldum. Heç vaxt ucadan danışdığını görmədim, özündənrazılığına şahid olmadım. Yüksək mədəniyyət və əxlaq sahibi idi və xatirələrdə də daim belə qaldı”.
* * *
Həsən Məmmədov milli kinomuzun ən maraqlı və yaddaqalan örnəklərinə sənətkar istedadı ilə öz möhürünü vurub. “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi) və digər filmlərdə yaratdığı kiçik obrazlar da tamaşaçıların sevgisini qazanıb. Həsən Məmmədov neçə-neçə filmdə obrazların səsləndirilməsində də iştirak edib.
26 avqust 2003-cü ildə dünyasını dəyişən aktyor həyat verdiyi bir-birindən baxımlı obrazlarla bu gün kinosevərlərin yaddaşında yaşayır. Əsl sənətkarın mənəvi ömrü həqiqi sənətin ömrü qədər əbədidir.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.6.