Cümhuriyyətin 100 illiyi Avropa Parlamentində qeyd olunub

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Strasburqda Avropa Parlamentində təntənə ilə qeyd olunub.

Tədbiri Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai açıb. O deyib: “Bu axşam siyasətə görə deyil, dostluğa görə toplaşmışıq. Bu tədbir Azərbaycan Avropa İttifaqı arasında dostluğun təcəssümüdür. Dostluğun çox sözə ehtiyacı yoxdur. Bu təntənəli tədbirdə aydın görürəm ki, dostluğumuz möhkəmdir”.

Norika Nikolai ölkəmizin qədim tarixi, mədəniyyəti barədə danışaraq, bu gün Londonun Viktoriya Albert, Parisin Luvr, Vyananın zəngin muzeylərində Azərbaycanın milli sənət nümunələrinin nümayiş olunduğunu bildirib.

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, 100 il əvvəl müsəlman Şərqində ilk dəfə Azərbaycanda demokratik, parlamentli respublika yaranıb. Deputat Cümhuriyyətin tarixi irsi haqqında məlumat verərək, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edildiyini, iqtisadi çətinliklərə baxmayaraq, yüzədək tələbəyə təqaüd verilərək Avropa universitetlərində təhsil almağa göndərildiyini qeyd edib. Vurğulayıb ki, bu gün müstəqil Azərbaycan sivilizasiyaların dialoqu, tolerantlıq multikulturalizm üzrə nümunədir. Son onilliklər ərzində Azərbaycan Avropa ilə Asiyanı daha da yaxınlaşdırıb.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti haqqında video nümayiş olunub.

Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyiQaytağı” instrumental ansamblının ifasında milli musiqilərimiz səsləndirilib. İştirakçılar milli musiqilərimizi alqışlarla qarşılayıblar.

Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Avropa Şurası yanında daimi nümayəndəliyin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, azərbaycanlı və avropalı deputatlar iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.8.