Ömür keçdi, gün keçdi

 

 

Həsən Məmmədovun xatirəsi yad edildi

 

Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun (1938-2003) anadan olmasının 80 illiyi münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir.

Unudulmaz aktyora həsr edilmişÖmür keçdi, gün keçdi” adlı xatirə gecəsi dekabrın 13-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gerçəkləşdi.

Tədbirdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev iştirak edirdi.

Tədbirin aparıcısı musiqişünas Nərgiz  Kərimova çıxış edərək görkəmli sənətkarın kino yaradıcılığı, çəkildiyi filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi obrazlar haqqında danışdı. Bildirdi ki, Həsən Məmmədov orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olsa da, sənətə həvəsi və fitri istedadı onu əvvəlcə teatr sənətinə, sonra kinoya gətirir.

Həsən Məmmədov Azərbaycan Dövlət Teatr İnstitutunun Dramkino aktyorluğu fakültəsində Mehdi Məmmədovun kursunu bitirdikdən sonra bir müddət Akademik Milli Dram Teatrında çalışır.

Lakin kinoda çəkildiyi çoxsaylı rollar onun yaradıcılığında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuşBöyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad) və s. filmlərdə aparıcı rollara çəkilib. Teatrkino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Çıxışdan sonra aktyorun rol aldığı filmlərdən kadrlar nümayiş olundu. “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Evlənmək istəyirəm” filmlərindən mahnılar səsləndi. Məktəbin “Səbinə” rəqs kollektivinin (bədii rəhbər Səbinə İsmayılova) ifasında “Arşın mal alan” filmindən rəqs nümayiş olundu.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.1-2.