Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı

 

 

 

Avstriyanın paytaxtındakı “Urania” kinoteatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Əbədi ezamiyyət” sənədli filminin nümayişi təşkil olunub.

Ölkəmizin Avstriyadakı səfirliyi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda xarici diplomatik korpusun nümayəndələri, Avstriyanın dövlət qurumlarının təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Filmin ideya rəhbəri, tanınmış diplomat Ramiz Abutalıbov və filmdə Məhəmməd Məhərrəmov rolunu canlandıran rejissor Tahir Əliyev tədbirə qatılıblar.

Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında əvəzsiz xidmətləri olmuş şəxslərin fəaliyyətinə nəzər salıb. Qeyd edilib ki, 1919-cu ilin yanvarında Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına yola düşən nümayəndə heyəti bir daha Vətənə qayıda bilməyib, bu səfər ömürlük ezamiyyətə çevrilib.

Sənədli filmin ideya müəllifi, diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı Ramiz Abutalıbov ekran əsərinin yaranma tarixçəsindən və əsas ideyasından bəhs edib. Hələ Parisdə UNESCO-da işlədiyi dövrdə nümayəndə heyətinin həyatda olan yeganə üzvü Məhəmməd Məhərrəmovla şəxsən tanış olduğunu qeyd edən R.Abutalıbov filmdə Azərbaycan siyasi mühacirətinin bu görkəmli şəxsiyyətinin obrazının canlandırıldığını deyib.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin baş prodüseri Arzu Əliyevadır. Bakı, Tbilisi, MoskvaParisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi əks olunub.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.