Mədəniyyət sahəsinin
inkişafı yeni məsələlərin
həllini zəruri edir
Yerlərdə uşaq musiqi məktəblərinin, mədəniyyət evləri və klub müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, muzeylərin ekspozisiyalarının zənginləşdirilməsi, tarixi irsin qorunması, qədim arxeoloji abidələrin tədqiq edilməsi... Bu və digər məsələlər Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin dekabrın 14-də Hacıqabul rayonunda vətəndaşlarla görüşündə səslənib.
Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər tərəfindən Uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon Tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.
Hacıqabul sakinləri Uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.
Beyləqan rayonunun I Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.
İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.
Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Qəbuldan sonra mətbuata
açıqlama verən Əbülfəs Qarayev
Prezident İlham
Əliyevin tapşırığı ilə yerlərdə
keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən
maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini
vurğulayıb: “Bugünkü qəbulda
da mədəniyyət sahəsində
çalışan vətəndaşların müraciətlərinə
baxıldı. Bir sıra maraqlı təkliflər,
müraciətlər oldu. Bu
sırada kitabxana şəbəkəsinin
daha da təkmilləşdirilməsi,
informasiya mərkəzlərinə
çevrilməsi, tarixi abidələrin təmir-bərpa
olunması, qorunması, arxeoloji işlərin
aparılması kimi məsələlər
qeyd edilib. Həmçinin mədəniyyət müəssisələrinin
fəaliyyətinin daha da
yaxşılaşdırılması, musiqi
məktəblərində dərslərin daha
səmərəli təşkili, klubların səhnə
geyimləri və avadanlıqlarla təmin edilməsi ilə
bağlı müraciətlər oldu.
Ölkəmizin mədəniyyət sahəsi inkişaf etdikcə qarşımıza
çıxan yeni-yeni məsələlərin
həlli baxımından bu cür görüşlərin böyük
əhəmiyyəti var”.
Mədəniyyət.- 2018.- 19
dekabr.- S.5.