Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək
Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2019-cu ilin mart ayında anadan olmasının 120 ili tamam olan Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb, yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib.
Sərəncamda Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinə Təhsil
Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə, Yazıçılar
Birliyinin təkliflərini nəzərə
almaqla, böyük ədib
və dramaturq Cəfər
Cabbarlının 120 illiyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata
keçirmək tapşırılıb.
Mədəniyyət.- 2018.- 19
dekabr.- S.2.