Elm üçün ölkələr dolaşan mütəfəkkir

 

 

 

Orta əsrlərdə dərin düşüncə və zəka sahibi kimi tanınan mütəfəkkirlərimiz sırasında şair, tanınmış ədəbiyyatşünas, dilçi alim Xətib Təbrizinin xüsusi yeri var.

Xətib Təbrizi (Əbu Zəkəriyyə Yəhya ibn Əli) 1030-cu ildə Təbriz şəhərində dünyaya göz açıb, uşaqlıq illəri burada keçib. Gənclik dövrü ilə bağlı qaynaqlarda səhih məlumat az olsa da, onun erkən yaşından elmə maraq göstərdiyi, daha çox poetika ilə maraqlandığı qeyd olunur. O, elmi kitabları mütaliə edir və adı alimlər məclisində çəkilir. Təbrizin görkəmli elm adamları onun haqqında yüksək fikirlər söyləyir, Suriyanın Şam (Dəməşq) şəhərinə gedərək orada məşhur dilçi alim Əbül-Əla Məərri ilə görüşməsi tövsiyə olunur.

Beləliklə, Məərri ilə görüşmək üçün yola çıxan Xətib Təbrizi piyada gəlib Şama yetişir. Onun elmə həvəsi və qeyri-adi iradəsi şəhərdə dildən-dilə düşür, ərəb salnaməçilərinin diqqətini çəkir və gənc nəslə örnək hərəkət kimi kitablara salınır. Şamda Əbül-Əla Məərri ilə görüşən X.Təbrizi bu görkəmli ərəb alimini yüksək qiymətləndirərək yazıb: “Ərəblərin dilində Əbül-Əlaya məlum olmayan bircə sözyoxdur”.

Məərrinin gözləri görməsə də, fenomenal yaddaşa sahib olub. X.Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışıb: “Mən iki il idi onun yanında idim. Bu müddət ərzində vətənimdən heç kəslə qarşılaşmamışdım. Bir gün məscidin qarşısında oturub Əbül-Əlaya kitab oxuyurdum. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında qonşumu gördüm. Sevincdən halım dəyişdi. O, soruşdu: “Sənə nə oldu?”. Dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. Dedi: “Get, bir az onunla söhbət elə”. Mən soruşdum: “Bəlkə dərsimi bitirim, sonra?” O, yenə dedi: “Dur, mən səni gözləyərəm”. Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbül-Əla soruşdu: “Siz hansı dildə danışırdınız?”. Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində, türkcə danışırdıq. O dedi: “Mən bu dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm”. Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi”.

Araşdırmalarda göstərilir ki, X.Təbrizi Şamda təhsilini bitirdikdən sonra Təbrizə qayıdır. Lakin oxumaq həvəsi onu yenidən Suriyaya çəkib aparır. Burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiyapoetika elminin sirlərini öyrənir. O, 1064-cü ildə Dəməşqdə tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə görüşür. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost olmaz, həm də ona maddi cəhətdən yardım göstərir.

X.Təbrizi elm sorağı ilə daha uzaq məsafələr qət edir. O, Misirə gedir, saray alimi Tahir ibn Babaşazla görüşür, ondan ərəb dilinin qrammatikasını öyrənir.

1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə “Nizamiyyə” mədrəsəsi açılır. X.Təbrizi ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir. Eyni zamanda mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur. O, dəyərli əsərlərini də elə burada yazır.

Görkəmli alim “Əbu Təmmamın divanının şərhi”, “Səqt-əz-zənd”in şərhi”, “Həmasə”nin şərhi”, “Əl-Müfəddəliyyat”ın şərhi” kimi əsərlərini yazır. Eyni zamanda dilçiliyə dairQuranda hallanma”, “Nəhvə aid qısa qeydlər”, ədəbiyyat nəzəriyyəsi üzrə “Əruz və qafiyə elmlərinə dair qısa xülasə” əsərləri ona geniş şöhrət qazandırır.

Xalq həyatını düzgün əks etdirməyi poeziyanın başlıca vəzifəsi hesab edən X.Təbrizi forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini əsas götürüb. Özü də bədii yaradıcılıqla məşğul olub, şeirlərində paxıllıq, xudpəsəndlik, haqsızlığı tənqid edib. Onun bədii əsərlərinin az bir qismi dövrümüzə gəlib çatıb. Xətib Təbrizi 1109-cu ildə Bağdadda vəfat edib, “Bab Əbrəz” qəbiristanlığında dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.7.