Telli saza mehman ol gəl, zövqü-səfa məndədi...”

 

 

Aşıq Əmrah Gülməmmədovun 110 illiyi qeyd edildi

 

Görkəmli aşıq Əmrah Gülməmmədovun 110 illiyi dekabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qeyd edildi. Yubiley tədbiri Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirildi.

AMEA Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək ustad sənətkarın həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, Əmrah Paşa oğlu Gülməmmədov 1910-cu ildə Borçalı rayonunun (Gürcüstan, Marneuli) Araplı kəndində dünyaya göz açıb. Erkən çağlardan saza-sözə maraq göstərib. Atasından bu sənətin sirlərini öyrənib. Sonra dövrünün ustad sənətkarı Aşıq Məsimin şəyirdi olub, qısa müddət ərzində el havalarının mahir ifaçısı kimi tanınıb.

Bildirildi ki, 50-ci illərdən başlayaraq Əmrah Gülməmmədovun ifaları Bakının konsert salonlarında və radio dalğalarında səslənməyə başlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verir. 1961-ci ildə Azərbaycan aşıqlarının üçüncü qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının dördüncü qurultayında ustad aşıq kimi həmişəlik yaddaqalan çıxışlar edir. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü onda olub  ki, o, çalıb-oxumaqla yanaşı, mahir saz reformatoru idi. Mütəxəssislərin fikrincə, Sadıqcanın tardakı yeniliklərini Aşıq Əmrah sazda icra edib. O, sazın simlərinin və pərdələrinin sayını artırıb. Bu da saza daha geniş və mükəmməl ifa imkanları verib. Ustadın ifasında “Dilqəmi”, “Ruhani”, “Baş dübeytikimi havalar indimaraqla dinlənilir.

Əmrah Gülməmmədovun yeni aşıqlar nəslinin yetişdirilməsində də mühüm xidmətləri var. Onun bu sənətin sirlərini aşıladığı qırxa yaxın aşıqdan biriustad sənətkar, mərhum Kamandar Əfəndiyev olub.

Müxtəlif aşıq şeiri nümunələrinin də müəllifi olan Əmrah Gülməmmədov 1987-ci ildə doğulduğu Araplı kəndində vəfat edib.

Çıxışdan sonra bədii hissəyə keçildi. İlk olaraq “Çeşmə” sazçı folklor qrupunun ifasında Aşıq Əmrahın “Təbrizi”, aşıqlardan Cahangir Quliyev, Telli Borçalı, Nemət Qasımlı, Ramin Qarayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Babək Şakirli, Kamil Nəbizadə, Avdı Musayev, Kəmalə Qubadlı, Nargilə Mehdiyeva, Əli Pənahoğlu və başqalarının ifasında “Kərəm köçdü”, “Cəlili”, “Gözəlləmə”, “Şahsevəni”, “Şəqai gəraylı”, “Kərəm gözəlləməsi”, “Osmanlı divanisi, “Göyçə gözəlləməsi”, “Ruhani” və s. saz havaları səsləndirildi.

Sonda gecənin aparıcısı Elxan Məmmədli yubilyarın Rusiyada yaşayan nəvəsi Abbasın tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını çatdırdı.

 

Savalan FƏRƏCOV

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.6.