Səttar Bəhlulzadənin ev-muzeyində yeni eksponatların təqdimatı

 

 

 

Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının (15 dekabr) 109-cu ildönümü münasibətilə sənətkarın Əmircan qəsəbəsindəki ev-muzeyində yeni daxil olmuş eksponatların təqdimatı keçirilib.

Səttar Bəhlulzadənin həyat və yaradıcılığına aid olan yeni eksponatlar sırasında rəssamın avtobioqrafiyası, təhsil aldığı Rəssamlıq Texnikumunun vəsiqəsi, Xalq rəssamı Maral Rəhmanzadənin, kimyaçı-alim Həbib Məmmədəliyevin, rusiyalı tələbə yoldaşının və başqalarının rəssama ünvanladığı məktublar, Əmircan kəndi zəhmətkeşlərinin rəssamın 50 illiyi münasibətilə ona bağışladığı kəlağayı, rəssamın Dövlət Tretyakov Qalereyasında (Moskva) qorunan əsərlərinin reproduksiyaları, Əməkdar rəssam Hüseyn Haqverdiyevin muzeyə bağışladığı slaydlar və digər materiallar var.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, Suraxanı rayon məktəblərinin nümayəndələri iştirak ediblər.

Ev-muzeyin direktoru İradə Abdinova qonaqları salamlayaraq muzeyin gördüyü işlər haqqında danışıb, yeni eksponatlar barədə ətraflı məlumat verib.

Çıxışçılar Səttar Bəhlulzadənin Azərbaycan incəsənətində əvəzedilməz yerindən danışıb, böyük sənətkarın yaradıcılığının təbliğində muzeyin fəaliyyətini təqdir ediblər.

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.6.