Böyük sənətkarın yaradıcılığı ilə tanışlıqdan qürur duyuruq

 

 

Tahir Salahovun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgisi ilə tanış olmaq üçün hər gün bu məkana çoxlu sayda sənətsevər gəlir. Görkəmli fırça ustasının rənglər dünyasının sorağına gələnlər arasında paytaxtın mədəniyyət işçiləri də var.

Sərgiyə gələnlər sənətkarın dünya təsviri sənətinin inciləri sırasında yer alan əsərlərindən yüksək zövq və zəngin təəssürat alırlar. Dekabrın 18-də biz də sərgiyə baş çəkdik, ziyarətçilərin bir qisminin təəssüratlarını öyrəndik.

Bakı sakini Vaqif Nəsirov görkəmli rəssamın yaradıcılığından yüksək zövq aldığını deyir: “Tahir Salahov böyük rəssamdır. Gənc yaşlarımdan onun əsərləri ilə maraqlanmışam. O, həqiqətən də, xalqına, millətinə layiqli insandır. Onun əsərlərinə baxdıqda dərin məna, yüksək sənətkarlıq müşahidə edirik. Bu sənət nümunələrində insan taleləri timsalında dünyaya, həyata baxış və fəlsəfi düşüncələr rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. Biz də özümüzə borc bildik ki, gəlib bu sərgini ziyarət edək. Sərgidə nümayiş olunan hər bir əsər möhtəşəmdir. Böyük sənətkarın yaradıcılığı ilə tanışlıqdan qürur duyuruq”.

Sərgini direktoru odluğu 10 nömrəli Uşaq musiqi məktəbinin kollektivi ilə birgə ziyarət edən Qafar NuriyevTahir Salahovun bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açdığını bildirir: “O, xalqımızın dahi sənətkarlarındandır. Yaradıcılığında görkəmli şəxsiyyətlərimizin obrazı hər zaman ön planda təqdim edilir. Sərgiyə baxdıqda da bunun bir daha şahidi oluruq. Ekspozisiyada yer alan ulu öndər Heydər Əliyev, Rəsul Rza, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Mirzə Ələkbər Sabir kimi görkəmli şəxsiyyətlərin portretinə baxdıqda mənəvi zövq aldım. Bu əsərlərin hər birinin özünəməxsus yüksək dəyərləri var”.

Ruhulla Axundov adına Mədəniyyət evinin rejissoru Vəfa Rəfiyeva deyir ki, Tahir Salahovun əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Rəssamın əsərlərinin Bakıda nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir: “Bu gün onun əsərlərinin canlı şahidi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Ümumiyyətlə, ekspozisiya gözəl təşkil olunub. Bizə belə bir şərait yaratdığı üçün təşkilatçılara təşəkkür edirik”.

* * *

Bəli, Tahir Salahovun tabloları hər bir sənətsevər üçün böyük sənətlə görüş, ünsiyyət deməkdir.

Sərginin dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyasında rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən nümunələr yer alıb. Burada Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş rəngkarlıq əsərləri, bu əsərlər əsasında toxunmuş xalçalar, rəssamın sənət və ömür yoluna işıq tutan fotoşəkillər nümayiş olunur.

 

FARİZ

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.3.