Humboldt Universitetində ölkəmizlə bağlı kitabların təqdimatı

 

 

Berlin Humboldt Universiteti tərəfindən Azərbaycanla bağlı alman dilində çap edilmiş bir neçə kitabın təqdimatı keçirilib.

Tədbirdə “Azərbaycan Demokratik Respublikası sənədlərdə (1918-1920)”, “Qarabağın müsəlman elitası tarixi təlatümlər və modernləşmə içərisində (1840-1950)”, “Almanlar Cənubi Qafqazın multikulturoloji mühitində” və “Sərhədsizləşmə. Almanlar Vürttemberq ilə Qafqaz arasında vətən axtarışında” kitabları təqdim olunub. Kitablar Humboldt Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının əməkdaşları tərəfindən hazırlanıb.

Kafedranın müdiri, professor Eva-Maria Aux qeyd edib ki, yeni nəşrlər almandilli ölkələrdə Azərbaycanla bağlı məlumatların artmasına, o cümlədən Almaniya-Azərbaycan münasibətləri tarixinin mühüm səhifələrinin daha geniş işıqlandırılmasına xidmət edəcək.

Humboldt Universitetinin dosenti Rasim Mirzəyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir sıra tarixi bilgiləri iştirakçılarla bölüşüb.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Seymur Fətəliyev maraqlı elmi nəşrlərə görə Humboldt Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.3.