Qadın şairlərimizin şeirləri italyan dilində

    

 

 

İtaliya Senatının kitabxanasında “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rosanna Boldi ölkəmizin zəngin mədəniyyəti, ədəbiyyatı barədə danışaraq kitabın əhəmiyyətini vurğulayıb.

Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin təşkilinə görə İtaliya Senatının rəhbərliyinə təşəkkürünü bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan ədəbiyyatının zənginliyindən söhbət açıb, nəşr barədə məlumat verib. Azərbaycan ədəbi irsinə qadınların verdiyi töhfələr barədə danışan G.Əfəndiyeva xanım şairlərimizin bir çoxunun Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaratdığını söyləyib.

Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və “Sando Teti” nəşriyyat evinin birgə layihəsi olan nəşrin tərtibçiləri Günay Əfəndiyeva və Şəhla Nağıyevadır. Kitaba XIII-XX əsrlərdə yazıb-yaradan Azərbaycanın qadın şairlərinin şeirləri (Azərbaycan və italyan dillərində) daxil edilib.

Tədbirdə ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan “Azərbaycan poeziyasında qadın ruhu” adlı sənədli film nümayiş olunub. Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formasında təqdim edilib. İştirakçılar Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.3.