“Kəlağayı: dünən, bu gün, sabah” adlı sərgi açılıb

 

 

Dekabrın 20-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə “Kəlağayı: dünən, bu gün, sabah” adlı sərgi açılıb.

Tədbirdə bildirilib ki, sərgi özündə Azərbaycan və xarici muzeylərdən, şəxsi kolleksiyalardan olan nadir materialları, muzey təcrübəsi sahəsində innovasiyaları birləşdirir. Sərgidə ölkənin ən ucqar bölgələrindən toplanmış eksponatlar qismində, gənc kolleksiyaçılar Ruslan HüseynovFuad Cəbrayılov tərəfindən qədim kəlağayılar təqdim edilir.

Qeyd edilib ki, ziyarətçilər ilk dəfə olaraq Gürcüstanın muzeylərindən təqdim edilmiş arxiv fotolarına tamaşa etməklə yanaşı, həmçinin oyunlar oynayaraq Çinarə Məcidovanın müəllifi olduğu videomaterial vasitəsilə müxtəlif kəlağayıları öyrənə biləcək və hətta seminara yazılmaqla özünün mini kəlağayısını hazırlamaq imkanı əldə edəcəklər.

Sərginin məsləhətçisi psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyovadır. Basqaldakı Kəlağayı muzeyindən sərgiyə kəlağayılar və nadir qəliblər (ştamplar) gətirilib. Qəlib kolleksiyası Milli Azərbaycan Tarixi Muzeyindən təqdim edilmiş materiallarla tamamlanır.

Sərgiyə dair materiallar Azərbaycan, rus ingilis dillərində hazırlanıb. Qeyd edək ki, ekspozisiya ziyarətçilər üçün gələn il mayın 15-dək açıq olacaq.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.1.