Məşhur opera Bakı səhnəsində
Opera və
Balet Teatrında “Manon Lesko”nun premyerası olacaq
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” opera tamaşasının premyerası
olacaq.
Səhnə əsərində baş rolda (Manon Lesko)
Əməkdar artist, “Humay”
mükafatı laureatı
Afaq Abbasova səhnəyə çıxacaq. Lesko partiyasını
ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin
Əməkdar artisti, beynəlxalq müsabiqələr
laureatı Pyotr Primak dəvət olunub.
Digər
rollarda Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar), əməkdar artistlər Fərid Əliyev (Kavaler Qrie), Tural Ağasıyev
(Edmond) və solist Fəhmin Əhmədli çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist
Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar
incəsənət xadimi
Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.
Baş qəhrəmanı canlandıran
Afaq Abbasova bizimlə söhbətində
bu operanın Azərbaycanda ilk dəfə
olaraq tamaşa şəklində səhnələşdirildiyini
bildirdi: “Üç il əvvəl biz əsəri Opera və Balet Teatrında Üzeyir Hacıbəyli
VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təqdim etdik. Bu dəfə isə
opera-tamaşa kimi hazırlamışıq. Uzun müddətdir gərgin məşqlər gedir.
Tamaşada teatrımızın aparıcı heyəti və böyük tərkibdə xor kollektivi çıxış
edəcək. C.Puççininin ən çətin dram operalarından birində səhnəyə çıxmaq
böyük məsuliyyət
tələb edir.
Bu tamaşa bütün
dünyada opera sənətində
öz sözünü
demiş soprano və tenorlar tərəfindən
ifa olunur. Gənc bir xanımın həyat dramından bəhs edən əsərin partiyaları
heç də asan deyil. Sənətsevərləri 22 dekabrda keçiriləcək
premyeraya dəvət edirik”.
Qeyd edək
ki, “Manon Lesko” Cakomo Puççini
yaradıcılığında xüsusi yeri olan əsərlərdən
biridir. Operanın librettosu Antuan
Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun
sevgi tarixçəsi”
romanının motivləri
əsasında yazılıb.
Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın
Turin şəhərində olub. İnanırıq ki, Bakı səhnəsində ilk tamaşa
opera və ifaçılıq
sənəti tariximizdə
yaddaqalan hadisələrdən
birinə çevriləcək.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.2.