Milli operamızın 110 illiyi Parisdə qeyd edilib
Fransada Azərbaycanın
Dostları Assosiasiyası
Parisin mərkəzində
yerləşən tarixi
San-Jermən-Lokserua kilsəsində Azərbaycan
operasının (“Leyli
və Məcnun”, 1908)
yaradılmasının 110 illiyinə
həsr edilmiş konsert təşkil edib.
Assosiasiyadan bildiriblər ki, tədbirdə ölkəmizin
Fransadakı səfiri
Rəhman Mustafayev müsəlman Şərqində
ilk opera olan Azərbaycan
operasının yaranma
tarixindən danışıb. O, həmçinin
müsəlman Şərqində
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında
ətraflı məlumat
verib. Səfir Azərbaycanın Dostları Assosiasiyasının
belə bir mühüm tarixi qeyd etməsini alqışladığını bildirib.
Assosiasiyanın prezidenti Jan-Fransua Mansel həyata keçirdikləri layihələr
sayəsində mədəniyyətimizin
Fransada təbliğindən
söz açıb. O, müsəlman
Şərqində ilk operanın
Azərbaycanda yarandığını,
milli operalarımızın
zənginliyi, orijinallığı
ilə seçildiyini
bildirib.
Konsertdə Səidə Zülfüqarovanın
(piano), Regina
Rustamovanın (mezzo-soprano), Timur Abdikiyevin (bas), İrina Kopilovanın
(soprano) ifasında Azərbaycanın opera musiqiləri maraqla
qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından
Gülçöhrənin ariyası, Niyazinin
“Arzu” melodiyası, Fikrət Əmirovun “Sevil” operasından Sevilin
ariyası və digər musiqilərimiz səsləndirilib.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.8.