“Türk
dünyasının mədəniyyət paytaxtı”nın yolu qırğız elinədir
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi artıq altıncı ildir ki, reallaşır.
2012-ci ildə Astana (Qazaxıstan) ilə başlayan layihə növbəti illərdə Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan) və Türküstan (Qazaxıstan) şəhərlərini əhatə edib. 2018-ci ildə bu ünvana Türkiyənin Kastamonu şəhəri ev sahibliyi etdi.
Dekabrın 18-də Kastamonu şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı dönəm toplantısında bu estafetin gələn il Qırğızıstanın Oş şəhərinin davam etdirəcəyi barədə qərar qəbul olundu. Həmin gün axşam Atatürk idman salonunda “Kastamonu 2018 – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirildi.
Mərasimdə öncə “mədəniyyət paytaxtı” ili çərçivəsində görülən işləri əks etdirən film nümayiş olundu.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək Şeyx Şaban Vəlinin vətəni olan Kastamonunun bu layihəyə layiqincə ev sahibliyi etməsinə, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.
Sonra Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Kastamonu valisi Yaşar Qaradəniz və bələdiyyə başqanı Tahsin Babaş çıxış etdi.
Çıxışlarda TÜRKSOY-un 2018-ci ildəki fəaliyyəti, “Kastamonu 2018 – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində görülən işlər, bölgənin Türkiyənin dövlətçilik tarixində və mədəni irsinin yaranmasında, inkişafında rolundan söz açıldı.
Diqqətə çatdırıldı ki, TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının qərarı ilə Qırğız Respublikasının Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib, eləcə də 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəlin 125-ci ildönümü münasibətilə xatirə ili elan olunub.
Çıxışlardan sonra Kastamonu bələdiyyə başqanı Tahsin Babaş “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzini bildirən açarı Oş şəhərinin bələdiyyə sədri Taalaybek Sarıbaşevə təqdim etdi. Xoş sözlər və səmimi təbriklərlə Oş şəhərinə uğurlar ifadə olundu.
Sonra mərasim
zəngin bədii proqramla davam etdi. Ölkəmizi bədii
proqramda təmsil edən F.Əmirov adına Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının “Nağara”
və “Qaytağı”
rəqslərini ifası
hərarətli alqışlarla
qarşılandı.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.8.