Nobel qardaşlarının Azərbaycandakı
“Miras”ı
Qafqaz. XIX əsrin sonu. İsveçli sahibkar və kimyaçı Robert
Nobel Bakıya gəlir. Burada
o, heç kəsin
gözləmədiyi dəyərli sərvəti – “qara qızıl”ı kəşf edir. Ancaq onun işinə əngəl olan nəhəng bir rəqib var – Con Rokfellerin “Standart Oil” şirkəti. Bakı nefti uğrunda
mübarizə dünyanın
diqqət mərkəzinə
çevrilir. Bu mübarizədə
qalib gəlmək üçün Nobel qardaşları
bütün səylərini
birləşdirməlidir...
Bu epizodlar Bakı
Media Mərkəzinin ekranlaşdırdığı,
Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən
bəhs edən “Miras” adlı bədii-sənədli filmdə
yer alır.
Filmin dekabrın
21-də Nizami Kino Mərkəzində
keçirilən təqdimat
mərasimində rəsmilər,
Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
“Nobel Oil”
şirkətinin sponsorluğu
ilə ərsəyə
gələn filmin məqsədi Nobel qardaşlarının
Azərbaycandakı fəaliyyətinin
həm regionda, həm də dünya neft hasilatının inkişafında
tarixi rolu və əhəmiyyətini
vurğulamaq, eləcə
də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması
və təbliği işinə töhfə verməkdir.
Filmin təqdimatından əvvəl
ekran əsərinin quruluşçu rejissoru Zaur Qasımlı jurnalistlərə müsahibəsində
deyib ki, “Miras”ın hazırlanmasına
bir il
vaxt sərf olunub. Filmin ərsəyə gəlməsində aktyorlar,
kütləvi səhnələrdə
çəkilən insanlar,
texniki heyət də daxil olmaqla
iki minə yaxın insan iştirak edib. Çəkilişlər Bakı və
ətraf kəndlər,
Şəki, İsmayıllı
şəhərləri, eyni
zamanda Belarus Respublikası
daxil olmaqla 30 məkanda aparılıb.
Çəkilişə 100-dək peşəkar aktyor qatılıb. Filmin hazırlanmasına yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus
və Gürcüstandan
kinematoqrafçılar da
cəlb edilib.
Ekran əsərinin
prodüseri Orman Əliyev, ssenari müəllifi Zaur Qasımlı, quruluşçu
operatoru Vladimir Artemyev,
quruluşçu rəssamı
isə Şahin Həsənlidir.
“Miras” bədii-sənədli
filmində Nobellərin
böyük nailiyyətləri
– dünyada ilk neftdoldurma
tankeri və neft məhsullarının
saxlanılması üçün
dəmir çənlərin
(rezervuarların) yaradılması,
Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi
və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir
sıra digər yeniliklərdən bəhs
olunur. Eyni zamanda filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin
artması, eləcə
də Azərbaycanın
regionda geosiyasi önəm qazanması və bir neçə
qitənin nəhəng
şirkətlərinin Bakı
nefti uğrunda gərgin mübarizə aparmalarından danışılır.
Bundan başqa,
filmdə Nobel Mükafatı
Fondunun 15-17 faizinin
“Nobel qardaşları” neft
hasilatı şirkətinin
Bakı neftindən əldə edilmiş gəlirləri hesabına
təşkil edilməsi
qabardılır və
Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mükafatı
Fondu ilə üzvi bağlılığı
qeyd olunur.
Həmçinin “Miras” filmində Nobel qardaşları tərəfindən
“qara qızıl”a dair yaradılan irsin bu gün
Azərbaycanda inkişaf
etməsi və ölkəmizin dünyanın
etibarlı enerji təminatında rolu nümayiş olunur.
Film tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb.
Mərasimdə həmçinin Bakı Media Mərkəzinin redaktoru
Müsəllim Həsənovun “Nobellər neft,
milyonçular və qoçular
şəhərində” adlı kitabının təqdimatı
da olub. Bakı, Moskva və Sankt-Peterburq
arxivlərində saxlanılan sənədlər, o dövrün mətbuat
materialları əsasında yazılan kitab
Nobel qardaşlarının Azərbaycandakı
fəaliyyətindən bəhs edir.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.8.