Zəngin sənətkar ömrü haqqında dəyərli tədqiqat

 

 

 

Bu yaxınlarda fəlsəfə doktoru İmran Axundovun görkəmli səhnə ustası, Xalq artisti, Azərbaycanda ilk peşəkar alitəhsilli aktrisa kimi tanınan Fatma Qədrinin (1907-1968) həyat və yaradıcılığından bəhs edən monoqrafiyası (redaktoru Əməkdar mədəniyyət işçisi H.M.Nəbili) ilə tanış oldum.

61 illik ömrünün 40 ilini teatra həsr edən sənətkarın ömür yolu monoqrafiyada müəllif tərəfindən dörd fəsildə canlandırılır. Fatma Qədri zəngin səhnə ömrü yaşayan sənətkarlarımızdandır. Onun yaratdığı xarakterik obrazlar qalereyası aktrisanın daxili zənginliyinin bariz nümunəsi kimi bu gün sənətkarlıq baxımından maraq doğurur.

Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı və səhnə fəaliyyətinin başlanğıc dövrünü, 1907-1925-ci illəri əhatə edir. Bu illərdə Fatma Qədrinin tərcümeyi-halı, sənət incəlikləri ilə yanaşı, müəllimləri – akademik Vyaçeslav İvanovAleksandr Tuqanov, professor Vladimir Sladkopevtsev haqqında xatirələri barədə də məlumat alırıq.

Aktrisa sənət müəllimi Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəlinin “Hacı Qara” komediyasında Sona obrazının tapşırmasını belə xatırlayır: “Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşırdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyəcanlanırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, bizə ürək-dirək verdi. Ancaq özübir az narahat idi. O, bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü”.

Fatma Qədri geniş diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının, eləcə də müasir müəlliflərin əsərlərində yaratdığı bir çox obrazlar sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılanıb. Monoqrafiyanın ikinci fəsli aktrisanın ömrünün 1926-1933-cü illərinə aiddir. Bu fəsildə aktrisanın Bakı Türk İşçi Teatrına necə gəlməsi və teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin aktrisanın həyatındakı müstəsna rolu haqda söz açılır.

İ.Axundov aktrisanın xatirələrindən çıxış edərək yazır: “Əfəndiyev öz teatrına gənc aktyorları çox dəqiq və böyük həvəslə seçirdi. O, bizimlə təklikdə danışdı. Mənimlə daha çox ciddi söhbət etdi. Teatrın perspektiv planlarından danışdı və bildirdi ki, əvvəlcə, bizə çətin olacaq, çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə baş rollarda birgə çıxış etməli idik. O dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa, qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin inkişafı üçün hər cür imkan yaradacağam...”.

Fatma Qədri Bakı Türk İşçi Teatrında 6-7 il fəaliyyət göstərib, burada irili-xırdalı, müxtəlif xarakterli rollar ifa edib. Müəllif aktrisanın yaradıcılığından söhbət açarkən yazır: “1927-ci ilin ilk premyerası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri ilə baş tutdu. Əsəri A.İvanov tamaşaya qoyaraq, Gülbahar obrazını Fatma Qədriyə həvalə etdi. Bu Fatma xanımın Bakı Türk İşçi Teatrının səhnəsində, Azərbaycan yazıçılarının əsərlərində ifa etdiyi ilk obrazı idi. Osmanlı ləhcəsinin və rus dilinin Azərbaycan türkcəsini sıxışdırdığı bir dövrdə “Anamın kitabı” kimi kəskin konfliktli dramın realist təfsirdə oyunu ciddi sənət uğuru kimi dəyərləndirildi. Teatr dramaturq Mirzə Cəlilin ruhunu düzgün tutaraq qroteskli tragediya oynamağa çalışırdı. Milli kökə, adət-ənənəyə xor baxmağın tənqidi tamaşanın mərkəzində dururdu”.

Monoqrafiyanın üçüncü fəsli aktrisanın 1933-1934-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrındakı fəaliyyətini əks etdirir. Müəllif qeyd edir ki, bu illər aktrisanın həyatında yeni yaradıcılıq dövrü kimi yaddaşlarda yaşayır. Bu teatr onun gələcək fəaliyyətinin düzgün istiqamət alması və formalaşması, realizm üslubunu mənimsəməsində həlledici rol oynayır. Burada o, Rus Dram Teatrı səhnəsinin ən yaxşı ustaları ilə birlikdə işləyib, daha da püxtələşib. Müəllif yazır: “Onu bu teatrda çox mehribanlıqla qarşıladılar və soruşurdular ki, bu teatrda ilk çıxışın üçün hansı obrazı seçirsən? Aktrisa isə repertuarda olan Lev İsayeviç Slavininİntervensiya” əsərində Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir. Teatrın direktoru və bədii rəhbərin baxışlarındakı istehza ona bərk toxundu, fikirləşdi ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm. Onların istehzalı baxışları təbii idi. Onlar Fatma xanımı səhnədə görməmişdilər. Çox qısa zaman keçdikdən sonra onu bəzi sınaqlardan keçirirlər. Bundan sonra F.Qədriyə bir aktrisa kimi hörmətlə yanaşdılar”.

Monoqrafiyanın dördüncü fəsli Fatma Qədrinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərdiyi illərdən (1935-1968) bəhs edir. Fatma Qədri ömrünün sonunadək çalışdığı bu teatrın səhnəsində “Dubrovski”də Mariya Kirilovna (Maşa), “Həyat”da Atlas, “Məkr və məhəbbət”də Luiza, “Vaqif”də Xuraman, “Madrid”də Lina, “Cehizsiz qız”da Larisa, “Od gəlini”ndə Solmaz, “Aydın”da Gültəkin, “Fiqaronun toyunda Suzannabaşqa rollarda çıxış edib, ona tapşırılan bütün obrazları, böyükya kiçikliyindən asılı olmayaraq, zövqlə canlandırıb.

Xalq yazıçısı İlyas Əfəndiyev “Səhnəmizin fəxri” adlı məqaləsində onun Xuraman rolundakı çıxışını xatırlayaraq yazır: “Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi. Mənə elə gəlirdi ki, peşmançılıq əzabları içində boğulan Xuramanın hıçqırıqlarını hələ də eşidirəm. Fatma Qədri bütün bunları nə qədər təbii, nə qədər gözəl ifa edir...”.

Aktrisanın ifasındakı təbiilik, canlılıq onun bütün obrazlarında özünü göstərirdi. O, hər bir obrazda psixoloji rəngarəngliyə, emosional cazibədarlığa can atır, pauzaları məharətlə oynayır, səsinin dramatik ölçülərini həssaslıqla tənzimləyirdi.

Fatma Qədri kimi səhnə xadimlərimizə həsr olunan monoqrafiyalar milli teatrımızın tarixinin tədqiqində dəyərli mənbə olmaqla bərabər, eyni zamanda gənc aktyor və rejissorların yaradıcılığının inkişafı baxımından qiymətlidir.

 

Anar BURCƏLİYEV

Teatrşüna

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.7.