Cümhuriyyətin 100 illiyi
şərəfinə
“Mədəniyyət.az” jurnalının xüsusi buraxılışının təqdimatı
Ölkə Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabinetinin müvafiq tədbirlər planına uyğun olaraq Mədəniyyət Nazirliyinin hər iki mətbu orqanı – “Mədəniyyət” qəzeti və “Mədəniyyət.az” jurnalı şanlı yubiley münasibətilə xüsusi buraxılışlar nəşr etdilər. Xatırladaq ki, “Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” buraxılışı iyul ayında işıq üzü görmüşdü.
Dekabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyət.az” jurnalının Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı oldu. Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, əməkdar incəsənət xadimləri İlham Rəhimli və Ziyadxan Əliyev, professorlar Asif Rüstəmli, Məhərrəm Qasımlı, Yasamal rayon MKS-nin direktoru, dosent Lətifə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tədbirdə çıxış etdilər.
Milli Məclisin deputatı Əflatun Amaşov Cümhuriyyət mövzusunun daim Azərbaycan elminin, mədəniyyətinin, mətbuatının avanqard mövzuları olaraq qalacağını vurğuladı. Rəşad Məcid öz çıxışında jurnalda təkcə Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tarixi olayların deyil, həm də bu tarixi araşdıraraq bizə çatdıran tədqiqatçıların da yaddan çıxmadığını vurğuladı. İlham Rəhimli nəşrin əhəmiyyətindən söz açaraq jurnalın bu nömrəsini kollektivin Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına töhfəsi kimi səciyyələndirdi.
Digər natiqlər də Cümhuriyyətin tarixindən bəhs edərək nəşrin yaradıcı kollektivinə yeni nailiyyətlər arzuladılar.
Sonda jurnalın baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.5.