Tarixin izləri ilə
Vyanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş
tədbir
Vyana
Musiqi və Təsviri İncəsənət Universitetində
Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndəsi, dünya şöhrətli bəstəkar
Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir
keçirilib.
“Culture Meeting Point” mədəniyyət ocağının təşkil etdiyi tədbirdə qurumun rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas alim Fərəh Tahirovanın “Dmitri Şostakoviç – Qara Qarayev. Tarixin izləri ilə” adlı məruzəsi dinlənilib.
“Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi” layihəsi çərçivəsində reallaşan tədbirdə məruzəçi XX əsr dünya musiqisinin iki görkəmli nümayəndəsi Qara Qarayev və Dmitri Şostakoviç arasında yaradıcılıq əlaqələrini tarixi faktların dili ilə təqdim edib. F.Tahirova çıxışında özünün müəllifi olduğu “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” adlı kitabdan da istinadlar edib.
Vyanada musiqisevərlərə ilk dəfə təqdim olunan tarixi faktlar, arxiv sənədləri və fotolar əsasında Dmitri Şostakoviçin Azərbaycanla əlaqələrinin ümumi mənzərəsi canlandırılıb, xüsusilə də onun azərbaycanlı tələbələri Qara Qarayev, Cövdət Hacıyevlə münasibətlərindən bəhs edilib.
Tədbir iştirakçılarına həmçinin Dmitri Şostakoviçin Azərbaycan Radiosundakı çıxışı səsləndirilib və onun Azərbaycan musiqi mədəniyyətində Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Bülbül, Fikrət Əmirov, Niyazi və digərlərinin oynadığı rol barədə fikirləri təqdim olunub.
Tədbirdə dahi bəstəkar Qara Qarayevin qızı, bəstəkar Züleyxa Qarayeva-Bağırovanın atası haqqında xatirələrinin yer aldığı videoçarx nümayiş etdirilib.
F.Tahirova bildirib ki, bu məruzə “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi” layihəsinin ikinci və yekun hissəsidir. Layihənin ilk hissəsi ötən ilin sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuşdu.
Bildirilib ki,
növbəti layihə Dmitri Şostakoviçin Türkiyə ilə əlaqələrinə
və Mustafa Kamal Atatürkün dəvəti ilə bəstəkarın
bu ölkəyə səfərinə həsr
olunacaq.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.5.