“Mən öz Xəzərimə
vurğunam, ey dost!”
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik
yubileyi qeyd olunub
Alman
faşizminə qarşı mübarizədə
apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları
və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri
ilə böyük şöhrət qazanmış və Azərbaycan
xalqının zəngin tarixi hünər salnaməsinə
şanlı səhifələr yazan Mehdi Hüseynzadənin
anadan olmasının 100 illik yubileyi münasibətilə
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
təntənəli mərasim keçirilib.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair ölkə başçısının sərəncamına əsasən təşkil olunan tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, Mehdi Hüseynzadənin ailə üzvləri, Bakı Qarnizonunun hərbi hissələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, dövlət universitetlərinin professor, müəllim və tələbələri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyat və döyüş yoluna, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin əfsanəvi partizan haqqında həqiqətlərin üzə çıxarılmasında, igid döyüşçüyə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə, Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində müstəsna xidmətləri barədə qiymətli fotolar və sənədlər nümayiş olunub. Qəhrəmanın uşaqlıq və təhsil illərini, Stalinqrad uğrunda döyüşlərdə iştirakını, əsirlikdə Azərbaycan naminə xidmətlərini, eləcə də Sloveniyanın milli azadlığı uğrunda sadiq əsgər kimi iştirakını əks etdirən nadir fotolar böyük maraq doğurub.
Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Tədbirdə “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli sərəncamı bir daha nəzərə çatdırılıb.
Sonra Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış “Mən öz Xəzərimə vurğunam, ey dost!” adlı yubiley tamaşası nümayiş etdirilib. Mehdi Hüseynzadənin son vaxtlar üzə çıxarılmış şeirlərinin istifadə edildiyi tamaşada əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıxova, Anar Şuşalı, Hüsniyyə Mürvətova, Elxan Rza, gənc aktyorlar və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı heyəti iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nicat Hüseynzadə Mixaylo rolunu məharətlə ifa edib. Tamaşa boyu sənədli kadrlar nümayiş etdirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə igid döyüşçünün 1973-cü ildə Bakının mərkəzində ucaldılmış abidəsi qarşısındakı tarixi nitqini və Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Mehdi Hüseynzadənin memorial muzeyinin açılışında ictimaiyyət qarşısında çıxışını və əfsanəvi qəhrəman haqqında söylədiyi fikirləri əks etdirən süjetləri alqışlarla qarşılayıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət.- 2018.- 26 dekabr.- S.3.