Bədnam qonşuların musiqimizə
qarşı saxtakarlığı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının növbəti elmi seminarı milli musiqimizə qarşı bədnam qonşular tərəfindən davam edən saxtakarlıq cəhdlərinə həsr olunub.
Seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni bəstəkarları, musiqişünasları, ifaçıları tərəfindən on illərlə həyata keçirilən məqsədli plagiat, mənimsəmə, özününküləşdirmə, oğurluq və yalan faktlarından ətraflı bəhs edilib.
Məruzəçi ilk olaraq erməni bəstəkarı Komitasın fortepiano üçün “Rəqslər” toplusunda (Moskva, 1939) dörd Azərbaycan, iki Ərzurum xalq rəqsini “erməni rəqsi” adı ilə nota yazdığını müqayisə və təhlillərlə sübuta yetirib. Bundan əlavə, xalq rəqslərimizin qədim nümunələrindən “Otuz iki” (digər adı “Toy rəqsi”), “İnnabı”, “Aşqabadı” (digər adı “Şuşa maralı”) həmin məcmuədə “Eranqi Eravanski”, “Unabi Şuşinski”, “Marali Şuşinski” erməni rəqs adı ilə yer alıb. “Nə baxırsan, yanı-yanı” xalq mahnımız isə “Eranqi Vaqarşapatski” adı ilə rəqs kimi nota yazılıb.
Bəstəkar, SSRİ Xalq artisti A.Babacanyanın piano üçün 1978-ci ildə yazdığı “Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan “Şur təsnifi”, “Vaqarşapat rəqsi” pyesinin (1948) qədim “Otuz iki” rəqsimiz, E.Petrosyanın “Axalsix kadrili”nin isə “Koroğlu havası” olması faktlarla diqqətə çatdırılıb. A.Abduləliyev həmçinin bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə çap olunmuş “Erməni rəqsləri” not məcmuəsi haqqında məlumat verib. Məcmuədəki 41 nümunədən 22-sinin Azərbaycan xalq rəqsi olduğu konkret dəlillərlə aşkar edilib.
Seminarda BMA-nın elmi və
yaradıcılıq işləri üzrə prorektoru,
professor Gülnaz
Abdullazadə, Xalq artisti,
professor Ramiz Quliyev, Bilik Fondunun əməkdaşı Ramilə
Qurbanlı, elmi laboratoriyanın müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Nuridə
İsmayılzadə, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Səadət
Təhmirazqızı, Milli
Konservatoriyanın professoru Fəttah
Xalıqzadə, rəqs sənəti tədqiqatçısı
Rauf Bəhmənli və başqaları
çıxış edərək mövzu
ətrafında fikir mübadiləsi
aparıblar. Faktlar əsasında elektron bazanın yaradılması təklif olunub.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.4.