Azərbaycan kitabının dünyaya tanıdılması

 

 

 

Türkiyədə 27 müəllifin kitabları nəşr olunub

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 27 azərbaycanlı müəllifin 38 adda kitabı tərcümə və çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

Nəşr olunan kitabların siyahısına 2 elmi, 16 bədii əsər və 20 uşaq ədəbiyyatı daxildir. Onların arasında Nizami Gəncəvinin “Xəmsə”sindən “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Kərpickəsən”, Mirzə Ələkbər Sabirin “Təmsillər”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, Əbdürrəhim bəy HaqverdiyevinSeçilmiş hekayələr” (2 cild), Mir Cəlal PaşayevinBir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “İki rəssam”, İlyas Əfəndiyevin “Körpüsalanlar”, Fərman Kərimzadənin “Qarlı aşırım”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” (2 cild), Cəfər Cabbarlının “Seçilmiş hekayələr” və digər əsərlər yer alıb.

Layihə çərçivəsində 2 il yarım müddətində Azərbaycan kitablarının Türkiyədə tanıdılması işi uğurla davam etdirilib. Qardaş ölkədə Azərbaycan kitablarına maraq artmaqdadır. Gələcəkdə layihə üzrə Azərbaycan kitablarının tərcüməsi, çapı və yayılması işinin müxtəlif ölkələrdə davam etdirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.7.