Bu məkanı yeni mədəniyyət marşrutu da adlandırmaq olar

 

Rəşid Behbudov küçəsində dahi sənətkarın adını daşıyan musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbinin binası əsaslı təmirdən sonra dekabrın 22-də qapılarını şagird və müəllimlərin, qonaqların üzünə açdı.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, məktəbin kollektivi iştirak edirdi.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev R.Behbudov adına məktəbin paytaxtın  uğurla fəaliyyət göstərən musiqi təhsili ocaqlarından biri olduğunu qeyd etdi. Bildirdi ki, təhsil ocağının nailiyyətləri hər zaman yetirmələrinin nəticələri və burada dərs deyən müəllimlərin zəhməti ilə ölçülür.

Nazir diqqətə çatdırdı ki, 1931-ci ildə yaradılan məktəb 1956-cı ildən etibarən fəaliyyətini Səbail rayonu ərazisində (R.Behbudov küçəsi 8) davam etdirir. Təhsil ocağı 21 sinif otağı, zal, kitabxana, qəbul otağı və direktor otağından ibarətdir. Təmir işlərinə bu ilin əvvəlində başlanılıb, bütün inventar və avadanlıq yenilənib. Məktəbdə 13 ixtisas üzrə 350-yə yaxın şagird təhsil alır. 70 müəllimin işlədiyi məktəbdə ümumilikdə altı şöbə fəaliyyət göstərir: “Biz bu məktəbi təmir etməklə həm də böyük mədəniyyət xadimi, görkəmli müğənni Rəşid Behbudovun adını ucaltmağa çalışmışıq. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2015-ci ildə böyük sənətkarın yubileyi silsilə tədbirlərlə yad edildi. Rəşid Behbudovun adını daşıyan bu küçə ilə insanlar hərəkət edərkən həm onun adını daşıyan məktəbin önündən, həm də onun vaxtilə çalışdığı və hazırda adını daşıyan Mahnı  teatrının qarşısından keçirlər. Bunu paytaxtımızda yeni bir mədəniyyət marşrutu da adlandırmaq olar. Onu da qeyd edim ki, məktəbin yenidən təmiri Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib. Fürsətdən istifadə edib, möhtərəm Prezidentimizi qarşıdan gələn doğum günü münasibətilə bütün mədəniyyət, musiqi ictimaiyyəti adından təbrik edir, cansağlığı, xoşbəxtlik diləyirəm”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirdi ki, hər bir məktəbin yenidən qurulması böyük mədəni hadisədir: “Ölkəmizdə mədəniyyət, incəsənət sahələrində hər zaman dövlət başçımızın qayğısını hiss etmişik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman ölkədə bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinin inkişafına böyük diqqət göstərirlər. Bu məktəbin yenidən fəaliyyətə başlaması da məhz bu diqqət və qayğının nəticəsidir”.

Məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva mədəniyyət ocağının təmirində zəhməti olan hər kəsə təşəkkür etdi.

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları təhsil ocağının vəziyyəti ilə tanış oldular. Məktəbin şagirdləri qonaqlar qarşısında kiçik konsert proqramı ilə çıxış etdilər.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.5.