kağız üzünə dürr səpir qələm...”

 

 

Aşıq Şəmşirə həsr olunan kitabların təqdimatı keçirildi

 

Görkəmli saz-söz ustadı Aşıq Şəmşirin yaradıcılığına həsr edilmiş yeni kitablar işıq üzü görüb. Dekabrın 25-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası”, “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” adlı kitabların təqdimatı keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq diqqətə çatdırdı ki, dövlət başçısının sərəncamına əsasən bu il Aşıq Şəmşirin 125 illiyi çoxsaylı tədbirlərlə qeyd edilib. Aşığın irsindən bəhs edən bu kitablar tədqiqatçılar üçün dəyərli mənbə olacaq.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı yola salmağa hazırlaşdığımız 2018-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu dedi. Bildirdi ki, Aşıq Şəmşirin Aşıq Ələsgərlə birgə Qazax şəhərində büstləri ucaldılıb, “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsi çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və digər türkdilli ölkələrdən dəvət olunmuş sənətkarlar tərəfindən aşığın sözləri ifa olunub, gənc aşıqlar müsabiqəsi təşkil edilib, kitablar çapdan çıxıb.

Məhərrəm Qasımlı “Aşıq Şəmşir. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində Milli Kitabxananın xüsusi rolu olduğunu qeyd edərək kollektivə təşəkkürünü bildirdi.

Ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev Aşıq Şəmşir irsinin öyrənilməsi və onunla bağlı silsilə tədbirlərin təşkil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi.

Təqdimatda çıxış edən professorlar Şirindil Alışanlı, Tariyel Məmmədov,  İsmayıl Məmmədli, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, biblioqrafiyanın müəllifi Mirvari Verdiyeva, “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitabının müəllifi Nağdəli Zamanov və başqaları sənətkarın irsini xalq yaddaşını daha da zənginləşdirən söz, sənət xəzinəsi kimi səciyyələndirdilər.

Çıxışlardan sonra kitabların ərsəyə gəlməsində xüsusi xidmətləri olan şəxslərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşəkkürnamələri təqdim edildi.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanan “Aşıq Şəmşir – 125” adlı kitab sərgisi ilə tanış oldular.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.2.