Ulu muğam sənətini təbliğ edib yaşadan məkan

 

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olundu

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirildi. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, tanınmış muğam ifaçıları, sənətçilər, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Qonaqlar əvvəlcə mərkəzin foyesində qədim musiqi alətləri və muğam sənəti ilə bağlı kitablardan ibarət sərgi ilə tanış oldular, “Əsrlərin sədası” ansamblı çıxış etdi.

Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, 10 il əvvəl məhz bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub: “Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, bu mədəniyyət ocağı nə qədər uğurlu yol keçib”.

Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğuladı: “Azərbaycan muğamı, tarkamança alətləri və ifaçılıq sənəti, yəni muğam sənətinin hər üç elementi ayrı-ayrılıqda UNESCO-nun siyahısında yer alıb. Bu, özlüyündə Azərbaycan mədəniyyətinin zənginliyini bir daha təsdiq edir. Eyni zamanda muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Azərbaycan xalqının yaratdığı bir sıra mədəni irs nümunələri həm də bəşəriyyətə məxsusdur”.

Beynəlxalq Muğam Mərkəzinin özünəməxsus memarlığı olduğunu, binanın Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırlatdığını deyən nazir bildirdi ki, bu, paytaxtın ən gözəl müasir memarlıq abidələrindən biridir. Mərkəzin foyesində xalq arasında daha çox sevilən görkəmli muğam ustadlarının büstlərinin qoyulması bu sənətin təbliğinə xidmət edir.

Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq keçirilən “Muğam aləmi” beynəlxalq festivalı və Muğam televiziya müsabiqəsi barədə danışan Əbülfəs Qarayev qeyd etdi ki, bu tədbirlər dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Bu layihələrin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır. Mərkəzdə mütəmadi olaraq görkəmli sənətkarların xatirə gecələri, yubiley tədbirləri keçirilir. Bütün bunlar Azərbaycan muğam sənətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir.

Əbülfəs Qarayev Muğam Mərkəzinin uğurlu fəaliyyətinə görə mədəniyyət ocağının direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürünü bildirdi, kollektivə yeni uğurlar arzuladı.

Nazir diqqətə çatdırdı ki, başa çatmaqda olan 2018-ci il də Azərbaycan mədəniyyətinin, zəngin musiqi sənətinin dünyada təbliği baxımından əlamətdar olub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi  nominasiya faylı təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Yubiley tədbiri muğam konserti ilə davam etdi. Konsert proqramında xanəndələr Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəblinin ifasında muğam təsniflər alqışlarla qarşılandı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.1-2.