Bayramlara həsr edilmiş
ədəbi-musiqili gecə
Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Prezident İlham Əliyevin dünya siyasətçiləri arasında öz qətiyyəti və uzaqgörənliyi ilə seçilən dövlət rəhbəri olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının siyasi xətti Azərbaycanın gələcək inkişafına, tərəqqisinə təminat verir.
Vüqar Zeynalov 2018-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verib, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Vurğulayıb ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib əhəmiyyət kəsb edir.
Tədbir Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanan konsert proqramı ilə davam edib. Tanınmış incəsənət ustaları, xalq artistləri Murad Hüseynov, Ənvər Sadıqov, Nəzakət Teymurova, Mənsum İbrahimov, əməkdar artistlər Emil Əfrasiyab, Ehtiram Hüseynov, pianoçu Nizami Əliyev çıxış ediblər. Gecə musiqiçilərin birgə ifasında xanəndə, bəstəkar, Xalq artisti Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısı ilə başa çatıb.
LALƏ
Mədəniyyət.- 2018.- 28
dekabr.- S.4.