Ömrünün sonunadək
Xan qızını unutmayan
xanəndə
Musiqi, sənət beşiyi Şuşanın yetirdiyi xanəndələr arasında “Şur” muğamının mahir ifaçısı kimi tanınan Xanlıq Şükürün adı hörmətlə çəkilir. O həm də Xan qızı Natəvanın yaradıcılığına xüsusi bağlılığı ilə yaddaşlarda qalıb.
Xanlıq Şükür 1872-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Çox gənc ikən valideynlərini itirdiyindən babasının himayəsində böyüyür. Güzəranın ağırlığından ibtidai təhsillə kifayətlənməli olur. Ara-sıra etdiyi zümzümələr babasının da diqqətini çəkir. Onun gənclik illəri Şuşada şeirin, xanəndəlik sənətinin çox çiçəklənən bir dövrünə təsadüf edirdi. Mənbələrdə göstərilir ki, həmin vaxtlar böyük şairə Xurşudbanu Natəvan başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvlərini tez-tez öz bağına dəvət edər, şairlər yeni yazdıqları şeirlərini oxuyar, musiqiçi və xanəndələrin ifası məclisə rəng qatarmış. Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və başqa məşhur musiqiçilər də məclisdə iştirak edərmiş. Bu zəngin mənəvi mühit şəhər ictimaiyyəti arasında maraq doğurur və xüsusilə də gənclərə öz yaradıcı təsirini göstərirdi. Xan qızı şəhərdə qarşılaşdığı hər bir istedadlı gənci bu məclisə dəvət edir və qayğı göstərirdi. Həmin gənclərin arasında Xanlıq Şükür də vardı.
Araşdırmalarda qeyd olunur ki, bir gün Natəvan bağda gəzərkən Qala hasarının üstündə əyləşən bir gənc diqqətini çəkir. O, həzin və məlahətli bir səslə astadan oxuyur. Xan qızı bu səsdən təsirlənir. Xidmətçilərə tapşırır ki, gənci onun yanına gətirsinlər. Beləliklə, Şükür Natəvanla görüşür, şair onun ifasını bir daha dinləyir və çox bəyənir. Xan qızının məsləhətinə qulaq asan gənc onun himayəsində qalır və xan sarayında təhsil aldığına görə camaat onu “Xanlıq Şükür” deyə çağırır...
Daha sonra Natəvanın məsləhəti ilə Hacı Hüsü Şükürü himayəyə götürür. Müəllim kimi Onunla yaxından məşğul olur, xanəndə kimi yetişməsində əlindən gələni əsirgəmir. Şükür ədəbi məclislərdə, musiqi gecələrində yaxından iştirak edir. Şairlərin oxuduğu şeirləri dinləyir, xanəndələrin vurduğu xal və guşələri dərindən öyrənir.
Görkəmli musiqişünas Firudin Şuşinski araşdırmasında yazır ki, Natəvan tez-tez Şükürün səsinə qulaq asar, oxuduğu muğamları və təsnifləri bəyənərmiş. Xüsusilə də kədərli və hüznlü çağlarında Şükürün ifası ona təsəlli olarmış.
Xurşudbanu Natəvan 1897-ci ildə vəfat edir. Bu itkidən Xanlıq Şükür bərk sarsılır. Şuşadan köçüb uzun müddət İrəvanda
yaşayır. Ədəbi məclislərə
və el şənliklərinə
qatılır. Sonra yenidən
Şuşaya qayıdır.
Əvvəlcə “İmarət” qəbiristanlığına
gedərək Xan qızının məzarını
ziyarət edir. Burada “Segah” üstə mərsiyə oxuyur... Ömrünün sonunadək Xan
qızını unutmayan
xanəndə məclislərdə
onun qəzəllərini
özünəməxsus bir
avazla ifa edir.
Tədqiqatlarda Xanlıq Şükürün
xanəndəliklə yanaşı,
aktyor məharətinin
olduğu da qeyd edilir. Belə ki,
o, Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasında İbn Salam rolunu oynayıb. F.Şuşinski yazır ki,
Şükürün İbn
Salamı Hüseynqulu
Sarabskinin çox xoşuna gəlib. 1913-cü ilin avqust
ayında Şuşada
yaradıcılıq gecəsi
keçirilərkən Sarabski
Məcnunu, Şükür
isə İbn Salamı böyük məharətlə canlandırıblar.
Sənətşünas Cəlil bəy Bağdadbəyov xatirələr kitabında
bu unudulmaz muğam ifaçısının
yaradıcılığı ilə bağlı yazır: “Xanlıq Şükürün gözəl
səsi var idi. O, “Şur” muğamını məharətlə
oxuyardı. Şükür həmişə xalqın içərisində
olduğundan bütün
əhali onu çox sevərdi”.
Xanlıq Şükür sənətinin
coşqun çağlarında
(1927), 55 yaşında vəfat
edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 28
dekabr.- S.6.