“Xəmsə” hikmətinin ilmələrlə tərənnümü

 

 

Dünya incəsənətində ədəbi irsi təsviri və tətbiqi sənət nümunələrində tərənnüm olunan şairlər arasında Əbülqasım FirdovsiNizami Gəncəvi birincilər sırasındadırlar. Dahi Azərbaycan şairinin “Xəmsə”sinin uzun əsrlər ərzində sənətin müxtəlif sahələrində fəaliyyət göstərən yaradıcıların ilham mənbəyinə çevrilməsi sayəsində müxtəlif xalqların mənəvi saxlancının kifayət qədər zənginləşməsi də danılmaz reallıqdır. Bu mənada Nizami Gəncəvini həm də milli qürur qaynağı hesab edən azərbaycanlı sənətkarların onun yaradıcılığına daha çox müraciət etməsini təbii saymaq olar.

Şairin orta əsrlərdə üzü köçürülmüş əlyazmalarını bəzəyən miniatür əsərlər, XVIII-XIX əsrlərdə kitablarla yanaşı, çoxsaylı divar rəsmlərində “Xəmsə” motivlərinin geniş yer alması, XX əsrdə şairin yubileylərinin keçirilməsi ilə əlaqədar onun bədii irsinə təsviri və tətbiqi sənət ustalarının davamlı bədii münasibət göstərməsi zəngin “Bədii Nizami ensiklopediyası”nın yaranmasını şərtləndirmişdir. Bu xüsusda incəsənətimizin müstəqillik dövrüistisna olmamışdır. Belə uğurlu sənət nümunələrinin hələlik ən sonuncusu tanınmış xalça ustası Eldar Hacıyevin yaratdığı “Xəmsə” xalısıdır...

Bu unikal dekorativ-tətbiqi sənət nümunəsi ilk növbədə ölçülərinə və buna müvafiq olan mürəkkəb kompozisiya həllinə görə diqqət çəkir. Etiraf edək ki, xalçaçılıqda bu formatda (400x280 sm) süjetli əsərin yaradılması az-az rast gəlinən haldır. Elə bu sahədə kifayət qədər təcrübəsi olan Eldar Hacıyevin özü üçünbu miqyas yenidir. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb müəllifin “Xəmsə”nin çoxqatlı və əhatəli məna-məzmun tutumunu özündə ifadə edə biləcək əsər yaratmaq istəyi olmuşdur.

Bu yerdə əlavə edək ki, indiyə qədər dəfələrlə Nizami mövzusuna müraciət edən Eldar Hacıyevin özü də “Xəmsə”ni yalnız biryaxud da bir neçə motivin bir araya gətirilməsi ilə ifadə etməyə üstünlük vermişdi. Etiraf edək ki, onların əksəriyyəti “Xəmsə” adlandırılsa da, bədii-estetik tutumunda məşhur “beşliyə” müvafiq əhatəli məna-məzmun yükü az idi. Xalçaçı-rəssamın özübunu hiss etdiyindən həmişə daha mürəkkəb kompozisiya işləmək arzusu ilə yaşayırdı.

Nəhayət, istəyini mürəkkəb tutumlu yeni çeşnidə gerçəkləşdirən rəssam bu ilin əvvəllərində davamlı axtarışlarının nəticəsi olan eskizin reallaşdırılması prosesinə başlayıb. Bugünlərdə tamamlanan xalının (toxucularR.Ağayeva, X.Yarməmmədli, N.Əhmədova, Z.Fərhadlı və L.Əhmədova) bədii-texniki xüsusiyyətlərinin sənət xiridarları tərəfindən yüksək dəyərləndirilməsi də göstərir ki, bu əsərlə Azərbaycan xalçaçılıq sənəti özünəməxsus məziyyətlərini qoruyaraq yeni çalarlarla daha da zənginləşmişdir...

Təbriz xalçaçılıq məktəbi ənənələrindən uğurla faydalanan Eldar Hacıyevin yeni əsərində əldə etdiyi bədii bütövlük xüsusilə cəlbedici və yaddaqalandır. Kompozisiyanın mərkəzində Nizami Gəncəvinin iri ölçülü portretinə yer verən müəllif, obrazı onu əhatələyən on doqquz süjetlə əlaqələndirməklə, nikbin ruhlu xalının gözoxşayan estetikasının tamlığına nail ola bilmişdir.

Mərkəzi təsvirin göl-medalyon həllindən məqsədli şəkildə imtina edən rəssam, bununla da şairlə qəhrəmanları arasında sıx mənəvi-bədii əlaqənin axıcı keçidini əldə etmişdir. Üzəri işıqlı ornamentlərlə örtülmüş tünd zümrüdü haşiyə ilə əhatələnən mərkəzi hissənin cəlbediciliyində heç şübhəsiz, dahi söz xiridarının obrazı əsas rol oynayır. Şairin portreti üçün səciyyəvi olan ikonoqrafik dəqiqliyin əksi ilə yanaşı, obrazın “xalça dili” ilə bədiiləşdirilməsində müəllifin sənətkarlıq xüsusiyyətləri duyulmaqdadır. Əsərdə tətbiq olunan geniş bədii ümumiləşdirmələr, şuxluğu qabarıq duyulan şərti-lokal rəng həlli əski bədii ənənələrlə səsləşdiyindən və onlara yeni çalarlar əlavə etdiyindən çox təravətli baxılır. Bunu kompozisiyaya daxil edilmişXosrovŞirin” (yeddi), “Leyli və Məcnun” (altı), “İsgəndərnamə” (dörd), “Sirlər xəzinəsi” (bir) və “Yeddi gözəl” (bir) poemalarının əsas məqamlarını əks etdirən süjetlərin bədii həllində də müşahidə etmək mümkündür.

Onların bədii bütövlüyünü şərtləndirən başlıca amil isə müəllifin qədim miniatür üslubu ənənələrindən yaradıcılıqla istifadə etməsidir. “Üslubların şahı” kimi dəyərləndirilən bu bədii vasitənin təsviri sənətlə yanaşı, dekorativ-tətbiqi sənətdə də uğurla tətbiqinin mümkünlüyünü nümayiş etdirən Eldar Hacıyev, əslində, ona tapınmaqla yaradılan hər bir sənət nümunəsinin zamansızlığa qovuşmasını şərtləndirdiyini bir daha təsdiqləmişdir. Kompozisiyanın məna-məzmun yükünü 70-ə qədər rəng çaları ilə ifadə edən müəllif, özünəməxsus texnoloji yanaşmayun və ipək iplərin vəhdəti ilə ona duyulası rəng axıcılığı və təravətlilik bəxş etmişdir.

Məlumat üçün bildirək ki, zamanında Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1979-1984) görkəmli xalça ustaları Lətif Kərimov və Cəfər Müciridən sənətin bədii-texniki sirlərinə yiyələnən Eldar Hacıyev bir qərinəyə yaxındır ki, yaratdığı müxtəlif mövzulu yüzə qədər xalça ilə milli-mənəvi irsimizə özünəməxsus töhfələr bəxş edir.

Onun ərsəyə gətirdiyi yüksək dəyərli “Xəmsə” xalısı bunun bir daha təsdiqidir...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.7.