“Gəncliyimiz gələcəyimizdir” adlı sərginin açılışı keçirildi

 

   Fevralın 1-də Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı sərginin açılışı keçirildi.

   2 fevral - Gənclər gününə həsr olunmuş sərginin kuratorları və aparıcıları Elnurə və Aygün İsgəndərovalar uzun illərdən bəri ölkəmizdə qeyd olunan bu əlamətdar tarixin önəmi, eləcə də tədbir haqqında iştirakçılara bilgi verdilər. Bildirildi ki, sərgidə əsas yer doğma yurdumuza həsr olunmuş əsərlərə verilib. Burada 150 gənc rəssamın 250 əsəri nümayiş olunur.

   Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev gənclərin bacarığını üzə çıxaran belə sərgilərin təşkili üçün hər zaman dəstək verəcəklərini söylədi.

   Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının nümayəndəsi Gülşən Abbasova dövlətimizin gənclərə ardıcıl dəstək olduğunu vurğuladı.

   Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərgilənən əsərlərin bədii keyfiyyətindən, gənclərin xəyal və duyum özəlliklərindən söz açdılar.

   Şair Vahid Əziz, aktyor Rəşad Kəsəmənli sərgi haqqında təəssüratlarını bildirdilər, gənclərə uğurlar dilədilər. Gənc rəqqasə Fatimə Kamilqızı tədbirə öz rəqs töhfəsini təqdim etdi.

   Sonda bütün iştirakçılara diplomlar verildi.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.3.