Talehə yazılan sənət qisməti

 

   Bu gün bir çoxları gənclərin incəsənətin daha ciddi sahələrindən gen düşməyindən şikayətlənir. Bizbu şikayətə konkret nümunə ilə cavab veririk. Tanış olun: Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, bariton Taleh Yəhyayev. Təxminən iki ildir ki, Taleh teatrın solistidir. Bu iki ildə teatrın repertuarındakı 12 tamaşada əsas partiyanı oynamağa müvəffəq olub. 26 yaşlı gənc vokalçı ilə tanışlığa isə elə onun öz söhbəti ilə başlayaq:

   - Mənim səsimi kəşf edən ilk müəllimim Gəncədə uşaq bağçasında musiqi məşğələsini aparan Sevda xanım olub. Bağçanın bütün səhərciklərində məni oxutdurardı. Sonralar hər dəfə Sevda müəllimə valideynlərimlə görüşəndə israr edirdi ki, Talehin yaxşı səsi var. O, mütləq oxumalıdır. İş elə gətirdi ki, musiqi məktəbində muğam sinfi açılmışdı. Mən o sinfin ilk şagirdlərindən oldum. 13 yaşım olanda Bakıya müsabiqəyə gəldik. İndiki kimi yadımdadır: Fikrət Əmirovun “Reyhan” mahnısını, bir də “Qarabağ şikəstəsi”ni oxudum. Münsiflər heyətində olan bir müəllim mənə dedi ki, sənin gözəl vokal səsin var. Xanəndə gör nə qədərdir, amma yarışa cəmi 2-3 vokalçı gəlib. Əvvəlcə bu irad mənə pis təsir etdi. Amma sonradan evdə, müəllimlərimlə məsləhətləşib təhsilimi Gəncədə Bülbül adına uşaq musiqi məktəbində Əməkdar artist Kəmalə Tağızadənin sinfində davam etdirdim. Kəmalə xanım çox gözəl vokal müəllimidir. Mənim səsimi düzgün qurduğuna görə ona minnətdaram.

  

   Sonra Talehin ali təhsil yolu Gəncə Dövlət Universitetinin Musiqi təhsili fakültəsinin səs-vokal şöbəsindən düşür. Dövlətlərarası tələbə mübadiləsi proqramı ilə təhsilini Gürcüstanın Telavi şəhərində davam etdirir. Gəncədə dövlət imtahanını qəbul edən komissiyanın məsləhəti ilə Taleh Bakı Musiqi Akademiyasında təhsil almağa qərar verir.

   - Akademiyada dövlət imtahanı verəndə OperaBalet Teatrının rejissor hissə müdiri Tamara Eyvazova mənim səsimi bəyənmiş, bu barədə teatrın rəhbərliyinə demişdi.

   - Teatrda ilk çıxışın yəqin ki yadındadır...

   - Bəli, 2015-ci ilin sentyabr ayında Üzeyir Hacıbəyli festivalında “Leyli və Məcnun” tamaşasında Leylinin atası rolunda səhnəyə çıxdım. Bəxtim gətirdi ki, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ilə eyni tamaşada oynadım. Təcrübəli sənətkarlarla birlikdə səhnəyə çıxanda adamın özünə inamı artır.

   - Bildiyim qədər, iki il ərzində artıq 10-dan çox tamaşada əsas bariton səs partiyalarını sənə həvalə ediblər...

   - Bizim teatrda çox güclü bariton səslər var. Yenə rəhbərlik teatra gələn bütün gənclər kimi mənə etibar etdi. “Sevil”də Atakişi, “Şah İsmayıl”da Aslan şah, “Kənd namusu”nda Alfio, “Aşıq Qərib”də Şahvələd, “Əsli Kərəm”də Keşiş, “Vaqif”də İbrahim xan, “Xanəndənin taleyi”ndə Əsədulla bəy, “Koroğlu”da Ehsan paşa, “Arşın mal alan”da Süleyman bəy, “Manon Lesko”da serjant Lesko partiyalarında çıxış etmişəm.

   - Yəqin ki, bariton səs üçün olan digər məşhur partiyaları oxumaq da ürəyindən keçir...

   - ArtıqTrubaduroperasından Qraf de Lunanın partiyasını hazırlamışam. vaxt desələr, tamaşanı oynamağa hazıram. Amma ən böyük arzum Riqolettonu oxumaqdır.

   - Tez deyil?

   - Tezdir. Həm onun faciəsini anlamaq, bədbəxt təlxəyin yaşadıqlarını tamaşaçılara çatdırmaq üçün çox cavanam, həm səs baxımından bu partiyanı oxumaq mənim üçün tezdir.

   - Sənətdə ən yaxın məsləhətçin, kumirin kimdir?

   - Akademiyada sənət müəllimim Sevda Məmmədova olub. Mən indi Sevda xanımla tez-tez görüşürəm. Onun məsləhətinə həmişə ehtiyacım var. Kumirə gəlincə, Müslüm Maqomayevə qulaq asmaqdan doymuram. Hətta Avropa operalarındakı bariton səs üçün olan partiyaları da onun ifasını dinləməklə öyrənirəm.

   * * *

   Taleh Yəhyayev vokalçı kimi çox gənc yaşda bir sıra uğurlara nail olub. Beynəlxalq müsabiqələrdə birincilik qazanıb. Ötən il Gənclər və İdman Nazirliyinin keçirdiyi ənənəvi “İlin ən yaxşı gənci” seçimində “İlin ən yaxşı gənc vokalçısı” adına layiq görülüb. Aradan ötən bir ildə öz istedadı və çalışqanlığı ilə bu mükafata əbəs layiq görülmədiyini təsdiq edib.

   Biz sənətsevərlər isə çox tələbkarıq. Talehin daha böyük səhnələrdə çıxışlarını eşitmək, daha böyük uğurlarının şahidi olmaq istəyirik.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.10.