Səhnədən, ekrandan
görünən sənət sevgisi
Ömrünü həqiqi sənət yaratmağa həsr edənlər xalqın mənəvi sərvətidir. Ona görə də qəlbləri oxşayan, idrakı zənginləşdirən, insanları həyata bağlayan sənət adamları daim yaddaşlarda yaşayırlar. Belə sənətkarımızdan biri də görkəmli aktyor və rejissor, ssenari müəllifi, bədii qiraətçi, Xalq artisti Lütfi Məmmədbəyov olub.
Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda dünyaya göz açıb. Onların əsli Şamaxıdan idi. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Lütfinin ata babası Cahangir bəy Ağdaşda yurd salır.
Lütfi orta məktəbi başa vurduqdan sonra, 1943-cü ildə Teatr Texnikumuna qəbul olunur. 1947-ci ildə məzun olur və təyinatla Musiqili Komediya Teatrında işə başlayır. Ancaq bu teatr müvəqqəti bağlandığına görə o, Gənc Tamaşaçılar Teatrının truppasına daxil olur. Sənədlərini 1961-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verir. Həmin il onu Azərbaycan Dövlət Dram Teatrına dəvət edirlər. O, ömrünün sonunadək bu kollektivdə çalışır, onlarca tamaşanın quruluşçu rejissoru olur. L.Məmmədbəyov respublikada ilk çoxseriyalı televiziya filminin də rejissoru kimi tanınır. Mərhum yazıçı Əlibala Hacızadənin eyniadlı romanı əsasında ekranlaşdırılan 12 seriyalı “İtkin gəlin” teleserialı da məhz onun rejissorluğu ilə çəkilib.
Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyev sənətkarın yaradıcılığını yüksək qiymətləndirib. Ümummilli lider 1997-ci ildə, L.Məmmədbəyovun 70 illiyi ərəfəsində ona təbrik məktubu göndərib.
Görkəmli sənətkarın çətin və maraqlı ömür yolu olub. Çox sınaqlara çəkilən teatr xadimi çalışdığı kollektivdə mərd, həssas bir insan kimi tanınıb. Deyirlər ki, L.Məmmədbəyova hansı iş üçün ağız açıblarsa, heç vaxt dilinə “yox” sözü gəlməyib. Bir sözlə, qayğısını heç kimdən əsirgəməyib.
O, 1953-cü ildə öz təşəbbüsü ilə xalq teatrı yaradır və qırx ildən artıq kollektivə rəhbərlik edir. Bu gün tanınan və sevilən aktyorların, rejissorların bir çoxunun ilk sənət yolu həmin xalq teatrından başlayıb. Bu xalq teatrını “bitirənlərdən” 50 nəfər Xalq artisti, 54 nəfər Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb...
Mərhum aktyor, Xalq artisti Yaşar Nuri L.Məmmədbəyovu belə xatırlayıb: “O, mənim kimi çoxlarının əlindən tutub, səhnəyə, sənətə aparıb. Bizlərə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Ona inandığımızdan ardınca getmişik. Hər tapşırığına əməl etmişik, məsləhətlərini, verdiyi mizanları yadımızda saxlamışıq. Onunla eyni sənət məbədində birgə işləməyimizi ən yüksək nailiyyətimiz, qələbəmiz bilmişik. Lütfi müəllim həddən artıq sadə, qədirbilən insan idi. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməz, üzə vurmazdı. Yetirmələrini harada görsəydi, “Gülüm oğlan, necəsən?” - deyərdi. Bizlərlə səmimi görüşər, əhvalımızı soruşardı. Uğurumuza sevinər, qüsurlarımızı üzümüzə deyərdi. Onu tanıdığım gündən mənzilinin telefon nömrəsi dəyişmədi. Vaxt-bivaxt çoxları ona zəng edər, məsləhət alar, maddi-mənəvi kömək istəyərdi. Bəzən özüm-özümdən soruşuram: görəsən, həmin telefon zəngləri onu, ailə üzvlərini bezdirmirdi? Şəxsən mən bunu heç zaman hiss etmədim. Lütfi müəllim çoxlarımızın elçiliyinə gedib, toylarımızda doyunca oynayıb, küsülüləri barışdırıb... Dost-tanışına səadət, xoşbəxtlik arzuladığından özü də nümunəvi həyat yoldaşı, ata, baba, əsl ailə başçısı kimi tanınmışdı”.
Xalq artisti Rafiq Əzimov isə böyük sənətkarı sənət yaddaşına həmişəlik həkk olunmuş hadisə ilə xatırlayır: “Bir dəfə tamaşada çıxışımdan sonra zalda hamı güləndə düşündüm ki, rolu çox gözəl ifa etmişəm. Sevindiyimdən nə edəcəyimi bilmirdim. Elə bilirdim ki, Lütfi müəllim gəlib məni çıxışıma görə təbrik edəcək. Amma pərdə bağlanan kimi Lütfi müəllim saçını yolmağa başladı:
“- Ala, o nə sözdür demisən?
- Kitabda nə yazılıb onu demişəm.
- Kitabda elə söz var?
Səhifəsinə qədər harada yazıldığını dedim. Lütfi müəllim Asya xanımdan kitabı istədi və baxdı ki, əsərdə, doğrudan da, həmin söz var. Amma dedi ki, həmin söz çox biədəb çıxıb. Mən üzr istədim, “bağışlayın” dedim. Lütfi müəllim əsəblə, “nə bağışlayım”, - deyə qışqırdı. Amma ondan sonra o, məni böyüklərin dərnəyinə üzv qəbul etdi”.
L.Məmmədbəyovun filmlərdə canlandırdığı Aslan (“Səhər”), Xəlil (“Qızmar günəş altında”), Həbib (“Bəxtiyar”), Əli müəllim (“Sehirli xalat”) və s. obrazlar epizodik olsalar da, tamaşaçı yaddaşında dərin iz salıblar.
L.Məmmədbəyov uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi gənc nəslə sənətin sirlərini öyrədib. O həm də Azərbaycan efirinin sevilən adlarından idi. Azərbaycan Televiziyasında “Səhər” musiqili informasiya proqramı, “Teatr görüşləri”, “Sənətkar və zaman”, “Aktyorlar, rollar” verilişləri məhz L.Məmmədbəyovun yüksək aparıcılığı sayəsində uzun ekran ömrü yaşayıb.
Bilik və bacarığını başdan-başa Azərbaycan incəsənətinin inkişafına sərf edən Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə, 76 yaşında vəfat edib.
Savalan
Fərəcov
Mədəniyyət.- 2018.- 2
fevral.- S.11.