Çexiya səfirinin müavini Milli Kitabxanada olub
Diplomat Praqada Azərbaycana dair əlyazmaların kataloqunun
nəşrinə köməklik
göstərəcəyini deyib
Çex Respublikasının Azərbaycandakı səfirinin
müavini Petr Vaqner yanvarın 30-da Milli Kitabxanada olub.
Diplomatla görüşdə direktor
Kərim Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasında olduğunu,
Milli Kitabxananın bir neçə işçisinin də müxtəlif zamanlarda həmin kitabxanada olduğunu və oradakı Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd edib. K.Tahirov həmin
əlyazmalar haqqında
Milli Kitabxana tərəfindən üç
dildə (Azərbaycan,
çex, ingilis) hazırlanmış kataloqun
çapa hazır olduğunu diqqətə çatdırıb. Amma kataloqun
Çexiya Milli Kitabxanası tərəfindən
çap edilməsinə
dair kitabxananın sabiq direktoru ilə əvvəlcədən
razılıq əldə
olunsa da, yeni direktor təyinatından
sonra bu məsələ həllini
tapmayıb. İki ölkə
arasında əlaqələrin
yüksək səviyyədə
inkişaf etdiyini deyən K.Tahirov səfirliyin bu məsələdə yardımçı
olacağına ümid
bəslədiyini bildirib.
P.Vaqner görüş üçün
minnətdarlıq edərək
mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya
Mədəniyyət Nazirliyində
müvafiq şəxslərlə
müzakirə edərək
müsbət həllinə
çalışacağını deyib. O, ölkəsindəki
digər kitabxanalarda,
o cümlədən Praqa
Milli Muzeyi Kitabxanasında Azərbaycana
dair əlyazmaların,
Nizami Gəncəvinin
“Xəmsə”sinin əlyazmasının
olduğunu bildirib.
Diplomat onu da qeyd edib
ki, bir sıra
Azərbaycan müəlliflərinin
-Məhsəti Gəncəvi,
Mirzə Şəfi Vazeh, Mir Cəlal Paşayev və digərlərinin əsərləri
çex dilinə tərcümə edilib. Hazırda müasir Azərbaycan ədəbiyyatı nümunələri
çex dilinə tərcümə edilir və oxucuların marağına səbəb
olur.
P.Vaqner bu ilin iyun
ayında ölkəsində
Azərbaycan Xalq Cümhuriyyətinin və
Çex Respublikasının
100 illiyi münasibətilə
ikitərəfli əlaqələrdən
bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin
planlaşdırıldığını
vurğulayaraq həmin
kitab üçün
hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair
materialların səfirliyə
təqdim olunmasını
xahiş edib.
K.Tahirov Çexiyanın digər kitabxanalarında və muzeylərində olan Azərbaycana dair əlyazmalar barədə məlumata görə təşəkkürünü
bildirərək lazımi
materialların qısa
müddətdə Çexiya
səfirliyinə təqdim
ediləcəyini deyib.
Qonağa
Milli Kitabxana, Azərbaycanın
musiqi alətləri və
xalçaları haqqında albom və kitablar hədiyyə edilib.
Mədəniyyət.- 2018.- 2
fevral.- S.12.