Üfüqdən qalxan
al səhər mənəm...
Novruz Gəncəlinin əziz xatirəsinə
Uzun müddətdir ki, onun haqqında yazmaq, xatirələrimi cəmləyib onu bir daha yada salmaq istəyirdim. Ancaq sözümü haradan başlayıb harada bitirəcəyimi bilmirəm. Düşüncələrim məni orta məktəbdə oxuduğum illərə aparır. O illərdə musiqi dərsində bir mahnının sözlərini indi də dəqiqliyi ilə xatırlayıram:
Mən anayam, bu səsimdə
Yerin, göyün dərdi var.
Sülhə gəlin,
ey insanlar,
Yoxsa dünya məhv olar!
Bu sözlər
5-ci sinfin “Nəğmə”
dərsliyində musiqisi
Ələkbər Tağıyevə
məxsus olan “Ananın səsi” adlı şeirdən bir parçadır. Sözləri əzbərləyib, onu dərsdə oxudum və “əla” qiymət aldım. Şeirin müəllifi o zamanlar
tanımadığım, heç
üzünü belə
görmədiyim şair-dramaturq
Novruz Gəncəli
(1921-1995) idi. O, Novruz
Gəncəli ki, sonralar dərsliklərdə
onun şeirlərini axtarsam da, heç
vaxt yenidən rast gəlmədim. Ancaq “Ananın səsi” şeiri o zamandan yaddaşıma həmişəlik
həkk olundu.
Silahları yandırın,
Ərşə qalxsın tüstüsü.
Hər obada, hər bir evdə
Qanad acsın sülh
sözü.
Üzü gülsün insanların,
Bayram etsin yer üzü.
XX əsrin
80-ci illəri ölkəmizdə
sülh və əmin-amanlıq illəri
kimi xatırlanır.
O illərdə xarici ölkələrdə baş
qaldıran müharibələrdən
televiziya və dövri mətbuatdan tanış ola bilirdik. Məhz bu
illərdə sözləri
Novruz Gəncəliyə,
musiqisi Ələkbər
Tağıyevə məxsus
olan “Ananın səsi” dövrünün
ən aktual mahnılarından biri hesab edilirdi. Təsadüfi deyil ki, SSRİ Xalq artisti Zeynəb Xanlarova, respublikanın Xalq artisti Rübabə
Muradova və Əməkdar artist Fatma Mehrəliyeva o illərdə
məhz bu musiqini dünya ictimaiyyətinə bir mesaj olaraq tez-tez
oxuyurdular. Deyərdim ki, bu gün də musiqi və onun sözləri dövrümüz üçün
çox aktualdır.
Xatırlayıram, 2016-cı ilin fevral
ayında El Televiziyasında
(indiki ARB Aran kanalı) hazırlanan “Regionlayn” verilişinə dəvət olunmuşdum.
Orada sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Mingəçevir
Dövlət Dram Teatrının
baş rejissoru Xəzər Gəncəli
ilə yaxından tanış oldum. Xəzər Gəncəlinin hər
zaman xatirələrimdə
yaşayan şair Novruz Gəncəlinin oğlu olduğunu biləndə sevincimi gizlədə bilmədim.
Nədənsə elə ilk tanışlığımızın
söhbətinə də
“Ananın səsi”ndən
başladıq. O zaman
Xəzər Gəncəli
mənə bu musiqinin tarixi ilə bağlı çox maraqlı bir faktı söylədi: “Atam Novruz Gəncəlinin “Ananın səsi”nə yazılan musiqisinə qardaş Türkiyədə
də dəfələrlə
müraciət olunub. Təəssüflər olsun
ki, bir neçə
il musiqi
anonim olaraq oxunub. Mən bundan xəbər
tutan kimi İstanbula yollandım və orada “Messam” şirkətinə bu barədə müraciətim oldu.
Şeirin çap olunan
variantını kitabdan
onlara təqdim etdim. Bu müraciətimdən
sonra Türkiyədə
“Ananın səsi” şeirinin müəlliflik
hüququ bərpa olundu. Bu gün
mahnı qardaş ölkədə oxunur.
Onu daha çox Sezen Aksu ifa
edib”.
Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) 1921-ci il sentyabrın 12-də
Bakının Maştağa
kəndində dəmirçi
İsmayıl Zəbihin
ailəsində anadan olub. O İsmayıl Zəbih ki, onun da özünəməxsus
bir şairlik qüdrəti vardı. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı
Qulamhüseyn Gəncəlinin
himayəsində boya-başa
çatıb. 1934-cü ildən Tağıyev adına Toxuculuq
fabriki nəzdində
63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi birlikdə Gəncəyə köçüb.
1939-cu ildə Gəncə şəhər
3 saylı beynəlmiləl
orta məktəbini bitirərək, Azərbaycan
Dövlət Universitetinin
Filologiya fakültəsinə
daxil olub. Universitetin II
kursunda o, əyani şöbədən qiyabiyə
keçirilərək, 1941-1943-cü illərdə Lerik rayonunun bir neçə
orta məktəbində
müəllimlik edib, hətta məktəb direktoru olub. 1946-1949-cu illərdə Azərbaycan Yazıçılar
İttifaqının “Natəvan”
klubunda çalışıb.
50-60-cı illərdə müxtəlif
vaxtlarda “Ədəbiyyat
qəzeti” redaksiyasında
şöbə müdiri,
“Azərbaycan gəncləri”
qəzeti redaksiyasında
ədəbi işçi,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat
və təşviqat şöbəsində təlimatçı
işləyib. 1960-1976-cı
illərdə “Azərbaycan”
jurnalı baş redaktorunun müavini olub. 1945-ci ildən
respublika Yazıçılar
İttifaqının üzvü
olan şair bir müddət orada poeziya üzrə
məsləhətçi kimi
də fəaliyyət
göstərib.
Novruz Gəncəlinin 22 yaşında “Odlu ürəklər” adlı
ilk kitabı işıq
üzü görüb.
Sonrakı illərdə
“Unudulmaz günlər”,
“Dalğalar”, “Mənim
mahnılarım”, “Üç
dost”, “Könüllər açılanda”,
“Unuda bilmirəm” və s. şeir kitabları ilə yanaşı ümumilikdə
14 kitabı nəşr
olunub. Şair-dramaturq,
tənqidçi, müəllim
və ictimai xadim olan Novruz
Gəncəli həmçinin
istedadlı tərcüməçi
kimi C.Bayronun “Gavur” poemasını, C.Patrikin “Qəribə missis Sevinc”, A.Makayenokun “Tribunal”, B.Brextin
“Kuraj ana və uşaqları” pyeslərini Azərbaycan dilinə çevirib.
O, maraqlı və orijinal səpkili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər də yazıb. Onun qələmə aldığı “Düşmənlər içində” pyesi 50-ci illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Lütfi Məmmədbəyovun quruluşunda, Gəncə Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif Yulduzun quruluşunda, “Şəlalə” əsəri 1952-ci ildə Gəncə teatrında Yusif Qazıyevin quruluşunda, 60-cı illərdə fantastik mövzuda “Yanmış planetin sərvətləri” əsəri Gənc Tamaşaçılar Teatrında (quruluşçu rejissor Kərim Həsənov), “Ev bizim, sirr bizim” Musiqili Komediya Teatrında (rejissor Niyaz Şərifov), “Niyə dirilmisən” Ağdam Dram Teatrında (rejissor Heydər Şəmsizadə) səhnə həyatı yaşayıb. Həmçinin “Məhəbbət körpüsü” əsərinə 1970-ci ildə Gəncə Dram Teatrında (Xalq artisti Vaqif Şərifovun quruluşunda), “Səadət yağış deyil” pyesinə 1985-ci ildə yenə bu teatrda (rejissor Hilal Həsənov), “Niyə dirilmisən” əsərinə 1992-ci ildə Füzuli Dram Teatrında (Xalq artisti Valeh Kərimovun quruluşunda) maraqlı səhnə traktovkası ilə müraciətlər olub.
Bundan əlavə, 1969-cu ildə Sumqayıt teatrının səhnəsində Arif Ağayevin quruluşunda A.Makayenokun “Tribunal” və görkəmli teatr xadimi Nəsir Sadıqzadənin quruluşunda C.Patrikin “Qəribə missis Sevinc” pyeslərinə məhz Novruz Gəncəlinin tərcüməsində müraciət edilərək, maraqlı səhnə əsərləri teatrsevərlərə təqdim olunub.
Novruz Gəncəli bu illərdə çoxsaylı şeirləri ilə də geniş oxucu rəğbəti qazanıb. Sağlığında fəxri ad almasa da, oxucuların, poeziya həvəskarlarının qəlbində özünə əbədi “xalqın şairi” adını qazana bilib. Öz misralarında deyildiyi kimi:
Mən qovdum vətəndən qara kabusu,
Candan əziz tutdum arı, namusu.
Sən ey qəm bilməyən gələcək nəsil!
Üzümü görməyi eləsən arzu,
Bax, üfüqdən qalxan al səhər mənəm,
Qəlbinin istəyi o zəfər mənəm!
Anar Burcəliyev
Teatrşünas
Mədəniyyət.- 2018.- 2
fevral.- S.13.