Gənclər üçün innovativ düşüncə və fəaliyyət imkanı

 

   Növbəti “Gəncliyin səsi” festivalı keçirildi

  

   Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirildi. Ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara XidmətSosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.

   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Azərbaycan TurizmMenecment Universiteti tələblərinin, təhsil ocağının nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi şagirdlərinin və “ASAN Könüllüləri” Mədəniyyət mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

   Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral tarixi ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Bu sərəncam ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

   Nazir qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycanda yeni gənclər hərəkatı formalaşıb: “Gənc könüllülər ölkəmizin bütün sahələrində aktiv fəaliyyətdədirlər və bu onların dövlətin siyasətinə dəstəyidir. Festivalın Gənc Tamaşaçılar Teatrında keçirilməsi də təsadüfi deyil. Çünki “ASAN Könüllüləri” tərəfindən bu teatrın səhnəsində onlarla tədbir reallaşıb və bu, gənclərin yaradıcılıq mühitinin inkişafının göstəricisidir. Artıq 3-cü ildir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə belə bir maraqlı layihəni reallaşdırırıq. Layihənin məqsədi gəncləri innovativ düşüncəyə dəvət etməkdir. Sevindirici haldır ki, birgə layihə ölkənin müxtəlif regionlarında da həyata keçirilir. Bu tədbirlər “ASAN Könüllüləri” tərəfindən hazırlanan teatr tamaşaları, sərgilər, musiqi layihələrini və s. əhatə edir”.

   Mədəniyyətin müxtəlif sahələrində və turizmin təbliğində “ASAN Könüllüləri” təşkilatı ilə səmərəli əməkdaşlığın qurulduğunu deyən Əbülfəs Qarayev əlavə etdi ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

   Nazir çıxışının sonunda bütün Azərbaycan gənclərini əlamətdar gün münasibətilə təbrik etdi, onlara yeni uğurlar dilədi.

   Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə həmişə gənclərin himayədarı olub, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu günuğurla davam etdirilir: “Sevindirici haldır ki, “Gəncliyin səsi” festivalı müxtəlif tədbirlərlə yadda qalır. Görülmüş işlər respublikamızda həyata keçirilən genişmiqyaslı gənclər siyasətinin tərkib hissəsidir. Hesab edirəm k, gənclərin inkişafı, təhsil və bacarıqlarını artırmaq üçün çox gözəl şərait mövcuddurbiz də çalışırıq ki, öz dəstəyimizi əsirgəməyək”.

   Daha sonra il ərzində fəaliyyətinə görə fərqlənən bir qrup istedadlı gənc fəxri fərman və mükafatla təltif edildi.

   Festival Bakı Xoreoqrafiya Akademiyası və musiqi məktəblərinin istedadlı tələbə və şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.

   Qeyd edək ki, fevralın 6-dək davam edən “Gəncliyin səsi” festivalının proqramına paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında müxtəlif tədbirlər, o cümlədən Prezident təqaüdçülərinin konserti, gənclərin rəsm və foto sərgiləri, gənc rejissorların filmlərinin nümayişi (Quba “ASAN Həyat” kompleksi), “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası (Mingəçevir Dram Teatrının səhnəsi) daxil idi.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.4.