Həkim-rəssamın qəlb inciləri

 

   Fevralın 6-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisinin açılışı oldu.

   Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq Firəngiz Hüseynovanın yaradıcılıq yolundan danışdı. Bildirildi ki, 100-ə yaxın əsərin nümayiş etdirildiyi sərgi onun sənətsevərlərlə ikinci görüşüdür. Sərgidə yağlı boya rəsmlərilə yanaşı, ipək üzərində naxış işləmələri və qrafik əsərlər də yer alır.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov xanım rəssamın incə ruhlu əsərlərindən, onun rəng dünyasından, mövzularından söz açdı. Qeyd olundu ki, rəssam xaricdə keçirilmiş bir sıra sərgilərin iştirakçısı olub. F.Hüseynovanın əsərləri Almaniya, Rusiya, ABŞ, İsrail, Çin, İspaniyada fərdi kolleksiyalarda saxlanılır.

   Azərbaycan Rəssamlar İttifaqının katibi Rafiq Kərimov müəllif və onun sərgisi haqqında ürək sözlərini söylədi, yeni uğurlar dilədi.

   Bildirək ki, ixtisasca həkim olan F.Hüseynova Respublika Diaqnostika Mərkəzi və Ailə Sağlamlıq Mərkəzində kardiodiaqnostika sahəsində çalışıb. Hələ uşaq yaşlarından xalq rəssamları Davud Kazımov, Ömər EldarovTokay Məmmədov kimi sənətkarlarla ünsiyyətdə olub. Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanı isə onun heykəltəraşlıq və təsviri sənətdə müəllimi saymaq olar. Biologiya fənninə olan marağı Firəngizi peşə seçimində qərarlaşmağa məcbur ediro, atası akademik Ələddin Quliyevin məsləhəti ilə həkimlik sənətini seçir.

   2004-cü ildə F.Hüseynova təsviri incəsənət studiyasında rəssamlıqla dərindən məşğul olmağa başlayır.

   Rəssamın əsərlərində qırmızı rəngin rolunu ayrıca vurğulamaq gərəkdir. O özüinsan ürəyinin hərəkətlərini ifadə etməyə çalışdığını və bunun öhdəsindən ən yaxşı qırmızı rəng qamması vasitəsilə gəldiyini etiraf edir. Ona görə də rəssamın bir sıra natürmortlarında nar obrazı üstünlük təşkil edir.

   Ümumiyyətlə, natürmortlar onun yaradıcılığında ayrıca yer tutur. Firəngiz Hüseynovanın yaradıcılığında qadın, gənc xanım və qız obrazları da var. Bu silsiləyə “Arzu”, “Səhranın atlısı”, “Gecə”, “Məktub”, “Aynanın qarşısında”, “Anauşaq”, “Gələcək balerina”, “Oyuncaqlı qız”, “Əkizlər” kimi tabloları örnək göstərmək olar.

   Sərgi musiqi proqramı ilə davam etdi.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.4.