İnklüziv
teatrın növbəti tamaşası
Fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv teatrı olan “ƏSA” Teatrı “Adamlar və siçanlar - 2” tamaşasının nümayişinə hazırlaşır.
Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatları laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. Səhnə əsəri insanlara mərhəmət, alicənab hislər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk nümayişdən sonra rəğbətlə qarşılanan tamaşa bu dəfə tamaşaçıların görüşünə fərqli quruluşda gələcək.
Səhnə əsərinin quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, multimedia tərtibatçısı Eltac Zeynalov, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Patti Smith canlandıracaq.
Tamaşa
həmçinin nitq məhdudiyyətli
tamaşaçılar üçün
işarət dili ilə sinxron
tərcümədə təqdim olunacaq.
Mədəniyyət.- 2018.- 7 fevral.-
S.8.