“ASAN Viza” sistemi ölkəyə gələn turist sayına müsbət təsir göstərir
“Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərmanı ölkədə turizmin inkişafına yönəlmiş addımdır”.
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib. Xatırladaq ki, dövlət başçısının 31 yanvar 2018-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Nazir bildirib ki, “ASAN Viza” sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəmizə gələn turistlərin sayında xeyli artım var: “İndi “ASAN Viza” vasitəsilə xarici ölkə vətəndaşları üç saat müddətində ölkəmizə viza əldə edə bilirlər. Vizanın belə qısa müddətə əldə olunması, demək olar ki, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, Prezidentin hava limanlarında “ASAN Viza” sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib”.
Nazir Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsini müzakirə etdiklərini deyib.
Xəzər dənizində kruiz turlarının təşkil olunması barədə məsələyə aydınlıq gətirən Əbülfəs Qarayev bununla bağlı müvafiq işlərin görüldüyünü, bir neçə layihənin müzakirə olunduğunu bildirib: “Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır. Kruiz səfərləri ilə bağlı yaya doğru vaxt təyin olunacaq. Düşünürəm ki, yay fəslində həm Azərbaycan vətəndaşlarını, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir”.
Qeyd edək ki, dövlət başçısının 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə Xəzərdə gəmi turlarının təşkili məqsədilə sahilyanı ölkələrlə danışıqlar aparılması tapşırılıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2018.- 7
fevral.- S.9.