Xalça Muzeyində görkəmli etnoqraf alimin mühazirəsi

 

   Fevralın 3-də Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olan tanınmış tarixçietnoqraf alim, Əməkdar elm xadimi, akademik Teymur Bünyadovun mühazirəsi dinlənilib.

   Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova akademikin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu ildən etibarən muzeyin yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr edilmiş silsilə mühazirələr keçiriləcək. Bu silsilədən ilk tədbir Teymur Bünyadova həsr edilib: “Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də muzeyin nəzdində fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olub. O, həmçinin muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda fəal iştirak edib, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq məlumatlarının əldə edilməsində böyük əmək sərf edib”.

   Vurğulanıb ki, akademik Teymur Bünyadov “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun ərsəyə gəlməsində yaxından iştirak edib. 30-dan artıq kitabın, yüzlərlə məqalənin müəllifi olan qocaman alim Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla bərabər, həm də “tarixi etnoqrafiya məktəbi”nin əsasını qoyub, 8 elmlər doktoru, 35-dən çox fəlsəfə doktoru yetişdirib. Onun elmi, pedaqojiictimai xidmətləri yüksək qiymətləndirilib. 2005-ci ildə “Şöhrət” ordeninə, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 90 illik yubileyi ərəfəsində (18 yanvar) ölkə başçısının müvafiq sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

   Dəyərli alimi yubileyi münasibətilə təbrik edən Şirin Məlikova ona diplom və xatirə hədiyyəsi təqdim edib.

   Tədbirin təşkilinə görə muzey rəhbərliyinə təşəkkürünü bildirən Teymur Bünyadov “Azərbaycan xalça sənəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə xalça sənətinin çoxəsrlik tarixindən, müasir inkişafından danışan akademik Xalça Muzeyinin bu qədim el sənətinin yaşadılması, gələcək nəsillərə çatdırılması və təbliği istiqamətindəki rolunu yüksək qiymətləndirib.

   Sonda tədbir iştirakçılarının suallarını cavablandıran alim, eyni zamanda bədii yaradıcılığından nümunələr səsləndirib.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.12.