Kral, yoxsa
səfir? Dəqiq bilmirik...
Amma musiqini və insanları sevdiyinə tam
əminik!
Hərdən sırf peşə
baxımından da xəyalından nələrsə
keçir. Jurnalistsənsə, təbii ki, nələrdənsə yazmaq,
kimlərdənsə müsahibə
almaq, filan. Bəzən də heç ağlına gəlməyən olay da baş tutur...
Yanvarın sonunda belə
istəklərimdən biri
gerçəkləşdi. Bütün dünyanın “bugi-vugi kralı” adlandırdığı
dünya şöhrətli
pianoçu Silvan Zinqq Bakıya gəldi. Onun iki gün ardıcıl verdiyi konsertlərin də, çox maraqlı ustad dərsinin də təəssüratı
dinləyici və öyrəncilərin yaddaşından
çətin silinə.
Biz isə bu
köhnəlməyəcək təəssüratı yaddaşımıza
hopdurub görkəmli
ifaçı ilə söhbətimizi sizə təqdim edirik.
Bəri başdan deyək
ki, Silvan Zinqq elə ekrandan daha çox
YouTube vasitəsilə yayılan
video yazılarında göründüyü
qədər pozitiv ruhlu, üzügülər
və səbirli adamdır.
Bakıya gəldiyi ilk gündə,
konsert verməzdən
əvvəl onunla görüşmək istəyən
yerli jurnalistlərə
səbirlə müsahibə
verir, şəhərimizin
qəfil pozulmuş havasında üşümədən
öz ilıq təbəssümünü hər
kəsə bolluca paylayırdı.
Silvan Zinqq. İsveçrə vətəndaşı. 1973-cü
ildə musiqiçi ailəsində anadan olub. Bugi-vugi musiqi janrını
məşhurlaşdıran tək-tük Avropa əsilli musiqiçilərdəndir.
Avropalılar üçün
o qədər də səciyyəvi olmayan bir cəhəti də var: doğma
Luqano şəhəri
ilə sıx əlaqəlidir. Hər il doğma
şəhərində keçirilən
musiqi festivalının
təşəbbüskarı və rəhbəridir. İndiyədək dünyanın yüzdən
çox ölkəsində
çıxış edib.
Azərbaycana isə ilk gəlişidir.
Bu üzdən də söhbətimizə
bir qədər uzaqdan başladıq.
Elə suallarımız qonağımıza
göydəndüşmə təsir bağışlayıb
təkrar gəlməsin
deyə xəbərdarlıq
da etdik.
- Silvan, sizi Bakıda görməkdən şadıq.
Xoş gəlmisiniz!
- Çox sağ olun.
Elə mən də, nəhayət, dünyanın
ən gözəl şəhərlərindən birini
gördüyümə çox
şadam. Şadam ki,
İsveçrənin Azərbaycandakı
səfirliyi mənə
bu şəraiti yaratdı.
- Elə biz də bugi-vugi musiqisini sevənlərin adından canlı ifanızı dinləmək
şansına görə
bu qastrol səfərinin təşkilatçılarına
minnətdarlıq edirik.
- Bu minnətdarlıq
qarşılıqlıdır.
- Siz dünyada çox məşhur musiqiçilərdən
sayılırsınız. İstəyirik ki, bizim oxucular
da sizi daha
yaxşı tanısınlar.
Musiqiçi ailəsində doğulmusunuz.
Klassik musiqi təhsili almısınız. Maraqlıdır,
sizin yaşınıza
görə artıq
retro sayılan bugi-vugi
janrını seçməyinizə
nə təkan verdi?
- Doğrudan da, atam musiqiçidir,
o, müxtəlif alətlərdə
ifa etməyi gözəl bacarırdı.
Valideynlərim evlənəndən sonra anam düşünür
ki, yəqin uşaqlarından biri musiqiçi olmaq istəyər. Odur ki, elə uşağın, yəni mənim dünyaya gəlişimi gözləmədən evə
fortepiano aldırır. Ağlım kəsəndən piano çalıram.
5-6 yaşımda ilk dəfə bugi-vugi musiqisini radioda eşitdim. Musiqi məni o qədər
cəlb etdi ki, yalnız bugi-vugi dinləmək və ifa etmək
istəyirdim. Yəqin bu
vurğunluq mənim xarakterimdən irəli gəlirdi. Çünki
mən sürəti çox sevirdim: velosipedi də sürətlə sürürdüm,
pianoda da iti ritmli çalmağı
xoşlayırdım. Bugi-vugi həm
iti sürətli çalğıdır, həm
də bu janrın əsas özəlliyi ifadə etdiyi hisləri sürətlə dinləyiciyə
ötürməsidir. Atam həvəsimi görüb bu janr barədə mənə məlumat verdi. Fortepiano
müəlliməm çox
çalışırdı ki, məni klassik
musiqiyə tərəf
çəksin. Amma bacara
bilmədi.
- Bu aşiqlik gənc Silvanı haralara apardı?
- Düz Amerikaya!.. 18 yaşım olanda ilk dəfə Birləşmiş
Ştatlara getdim.
Orada afroamerikalı musiqiçilərlə tanış oldum. Onlar mənə bugi-vuginin tarixindən, yaranmasından,
bu janrı populyarlaşdıran insanların
taleyindən maraqlı
əhvalatlar danışdılar.
Beləcə, marağım artdı,
öyrənmək həvəsim
çoxaldı. Hazırda özümü
bugi-vugi musiqisinin dünya səfiri hesab edirəm. Çünki bu janrı bütün dünyada təbliğ edirəm.
- Siz təvazökarlıq edib özünüzü səfir
adlandırsanız da,
hər kəs sizi bugi-vugi kralı adlandırır...
Belə şöhrətə çatandan
sonra seçiminizlə
barışmayan musiqi
müəllimənizin sizə
münasibəti necə,
dəyişdimi?
- Hə, müəlliməm məni
janrımdan döndərə
bilməsə də, ifamı çox bəyənirdi. Sonralar Luqanoda verdiyim
bütün konsertlərimə
gəlirdi. Təəssüf
ki, o, iki il əvvəl
vəfat etdi.
- Yaşıdlarınız
sizin janr seçiminizə necə baxırdılar? Ümumiyyətlə,
sizin seçiminizi kimlər daha çox bəyənirdi: yaşlılar, yoxsa gənclər?
- Doğrudan da, mən bugi-vugi
ilə maraqlanmağa başlayanda yaşıdlarım
daha çox rok, texno janrlarına
qulaq asırdılar. Bir qədər “geridə qalmışları” isə
disko musiqisini çox sevirdi. Amma bugi-vugi ilə öz gəncliyini xatırlayan orta və yaşlı nəsil məni daha çox dəstəkləyirdi. Gənclərdən isə yalnız rəqqaslar məni çox bəyənirdilər.
Çünki bugi-vugi həm
də iti ritmli rəqs melodiyasıdır.
- 80-lərin sonu,
90-cı illərin başlanğıcından
cavan bir oğlanın retro janrı
ilə səhnəyə
çıxışı yəqin
təəccüblə qarşılanıbmış.
Həmin
illəri necə xatırlayırsınız?
- İlk
solo konsertim musiqi məktəbinin buraxılış
konserti olub. O vaxt israrla istədiyimi
etdim: proqramdan kənara çıxıb
buraxılış konsertində
bugi-vugi çaldım.
Sonralar şəhərimizin müxtəlif
salonlarında solo konsert
verməyə başladım.
Əvvəllər, bayaq dediyim
kimi, yaşlılar maraq göstərsə də, məni dinləməyə gələn
dostlarımın, məktəb
yoldaşlarımın və
onlara qoşulanların
sayəsində tamaşaçıların
yaş balansı nizamlanmağa başladı.
Bir də gördüm ki, dinləyicilərimin yaş həddi 9-dan 90-dəkdir.
Yəni yaşlılar gəncliklərini
xatırlamağa, gənclər
isə virtuoz musiqini, şux ritmləri dinləməyə
gəlirdilər.
- Luqanoda öz bugi-vugi festivalınız var. Sizcə,
insana bu qədər pozitiv ovqat bəxş edən janrın tərəfdarları, pərəstişkarları
ildən-ilə artır,
yoxsa azalır? Ardıcıllarınız necə, varmı?
- Festival bizim bir növ ailə layihəmizdir. Yəni hər il keçirilən bu festivalı mən ailə üzvlərimizlə birlikdə təşkil edirəm. Bilirsiniz, artıq bizim festivalın daimi pərəstişkarları var. Mən onları hər il festival günlərində görürəm. Amma onlar da daha konsertlərə tək gəlmirlər. Övladlarını, qohumlarını, dostlarını gətirirlər. Tamaşaçıların konsertdən xoş əhvalda çıxdığını görmək məni məmnun edir. İnsanların pozitiv enerji mübadiləsinə ehtiyacı var. Ardıcıllara gəlincə, getdiyim bütün şəhərlərdə, çıxış etdiyim festivallarda mənə ustad dərsi keçmək təklifi edəndə dərhal razılaşıram. Nəsə öyrənmək istəyənlərlə çalışmağa hazıram.
- Azərbaycan dünyaya muğam-caz sintezini bəxş edib, fərqli musiqi janrının təməlini qoyub. Sizin bu janr barədə bildikləriniz bizə də maraqlıdır.
- Düzünü deyim ki, Azərbaycana gələnədək sizin caz sənətinizlə bağlı heç nə bilmirdim. Amma maraqlandım, YouTube-da xeyli maraqlı lent tapdım. Öyrəndim ki, həqiqətən, Azərbaycan bir caz ölkəsiymiş. Muğam-caz sintezi isə tamam başqa aləmdir. Mənim üçün tamamilə yeni bir cərəyan, fərqli janrdır. Amma yenə də bütün caz janrlarının kökü bugi-vugidən başlayır. Sanki o, bir ağacdır, caz janrları da eyni gövdədən qalxaraq şaxələnir. Sabah Rain Sultanov ilə birlikdə ustad dərsində cem-seyşn etmək niyyətimiz var, görək nə olur...
- Həm solo, həm də caz-bənd tərkibində çıxış edirsiniz, hətta rəqqası da müşayiət edirsiniz. Bu istiqamətlərin hansında özünüzü daha çox ifadə edirsiniz?
- Maraqlı sualdır... Əslində, bu seçim ovqatımdan asılıdır. Kiminləsə çıxış edəndə hislərimizi ifaya keçirib birlikdə paylaşırıq. Bəzən tək çıxış etmək, bəzən də rəqqasları müşayiət etmək keçir ürəyimdən. Amma bunların hansında daha çox özüməm?.. Deyə bilmərəm. Yəqin ona görə ki, bu, mənim həmin gün keçirdiyim hislərdən asılıdır.
- Deyirlər ki, ən şən, hamının kefini açmağa çalışan adamlar ən dərdli, ən qəmgin adamlardır. Həmişə dinləyicilərə xoş hislər bəxş edən Silvan Zinqq özü xaraktercə necə adamdır?
- Düz deyirlər. Həmişə xoş ovqatda olmaq, deyib-gülmək mümkün deyil... Həqiqətən də, çox vaxt konsertdən sonra evə gələndə qanım qaralır, qəmlənirəm, sanki dünya boşalır... Bir az əvvəl birlikdə olduğum adamlar üçün, tamaşaçılar üçün darıxıram.
- Bununla belə, hamı sizi üzügülər, mehriban adam kimi tanıyır. Pozitivliyin Silvan Zinqq resepti varmı?
- Belə bir reseptim yoxdur. Amma olsaydı, ona bircə söz yazardım: SEVGİ! Hər şeyi, insanları, musiqini, seçdiyiniz sənəti, gördüyünüz işi, səmanı, yolunuz düşən yeni şəhərləri sevin! İnanın ki, bütün problemlərin açarı sevgidir!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 7
fevral.- S.13.